İnsanlıq min illərdir süfrə başında bir araya gəlir. Qida – bəzən mədəniyyət, bəzən mərasim, bəzən də sadəcə yaşamaq üçün vasitədir. Amma XXI əsrin postkolonial dünyasında sual dəyişib: kim nə yeyir və bu haqq kimə necə verilir?
“Qida irqçiliyi” – elmi dairələrdə yeni səslənsə də, gündəlik həyatın dərin qatlarında çoxdan kök salıb. Bu anlayış, sadəcə yeməyin dadı və mənşəyi ilə bağlı deyil, qida vasitəsilə həyata keçirilən sistemli sosial ayrı-seçkilik, iqtisadi istismar və qastronomik təkəbbürün kodlaşdırılmış halıdır.
Qida İmperiyası: Ləzzət kimə, zəhər kimə?
Avropa İttifaqı və Şimali Amerika – dünyanın “təmiz”, “orqanik”, “ekoloji”, “GMO-suz” məhsulların əsas istehlakçısıdır. Bu ölkələrdə süd, ət, meyvə-tərəvəz kimi əsas məhsullar çoxsəviyyəli laboratoriya nəzarətindən keçmədən satışa buraxılmır. Supermarketlərdəki yaşıl etiketli məhsullar təkcə sağlamlıq yox, həm də status göstəricisinə çevrilib.
Bəs dünya qida bazarının digər ucu necə görünür? Afrikada, Cənubi Asiyada və Latın Amerikasında satılan məhsulların böyük bir qismi Qərbdə artıq satışdan çıxarılmış, təhlükəli və ya standartlara uyğun olmayan məhsullardır. Etiketlərdə istifadə müddəti dəyişdirilir, tərkiblər gizlədilir, yoxsul ölkələrin bazarları isə bu məhsullarla doldurulur.
2022-ci ildə yalnız Fransa limanlarından Afrika ölkələrinə ixrac olunan 12 min ton qida məhsulunun 38%-i Aİ standartlarına uyğun olmayan tərkibə malik olub. Bəzilərində təhlükəli süni boyalar, bəzilərində pestisid qalıqları aşkar edilib. Lakin bunlar "qadağan edillməmiş", sadəcə "ixrac üçün" kateqoriyasına salınıb.
Qida diplomatiyası: Boşqabdakı siyasət
Ümumdünya Ticarət Təşkilatı (WTO), FAO və BMT-nin qida təhlükəsizliyi ilə bağlı mexanizmləri, kağız üzərində universal görünür. Ancaq reallıqda bu strukturlar, daha çox qida ixracatçısı güclərin maraqlarını qoruyur. Qanunvericilikdə "ixrac məqsədilə fərqli standartlar tətbiq oluna bilər" bəndi, milyonlarla insanın sağlamlığı üzərində siyasi sövdələşməni qanuniləşdirir.
İnsan hüquqları – qabın içində deyil?
Əgər suya çıxış hüququ insan haqqıdırsa, niyə təmiz və təhlükəsiz qida hüququ da eyni statusda tanınmır? Niyə ingilis körpəsinə qadağan olunan süni qatqı, Nigeriyadakı uşaq üçün “ucuz alternativ” sayılır?
Stereotip mətbəxlər: Kiminsə yeməyi “ekzotik”, kiminsə yeməyi “iyrənc”
Qastronomik təkəbbür
Əgər fransız şərabı mədəniyyət simvoludursa, niyə Afrikada hazırlanmış fermente içkilər “içilməz” sayılır? Əgər İtaliya makaronu “incə dad” kimi təqdim olunursa, niyə Hindistanın zəngin ədviyyatlı yeməkləri bəzən “iylənmiş” və ya “çox ədviyyatlı” adlandırılır?
Bu stereotiplər yalnız fərdi zövq deyil – mədəniyyətlərarası güc münasibətləridir. Media, reklam və pop-kultura vasitəsilə bəzi xalqların mətbəxləri "elit", digərlərininki isə "köhnə", "səliqəsiz" kimi tanıdılır. Bu isə mədəni diskriminasiyanın qida sahəsindəki yumşaq, amma öldürücü formasıdır.
Kim aclıqdan, kim dietadan ölür?
Bu gün dünyada 2 milyard insan artıq çəkidən əziyyət çəkir, 800 milyon insan isə aclıqdan. Ancaq bu rəqəmlər təsadüfi deyil – bu, planlaşdırılmış bərabərsizlikdir. Qlobal ərzaq istehsalının 30%-i israf olunur, lakin eyni anda Somali və Yəməndə milyonlarla uşaq qida çatışmazlığından əziyyət çəkir. Bu, texniki deyil, etik problemdir.
Sağlamlıq yoxsulluğun girovudur
Yoxsul ölkələrin əhalisi təkcə zərərli qidalarla deyil, həm də qida sahəsində maariflənməmək, alternativsiz seçim, fiziki çatışmazlıq və sistemli informasiya blokadası ilə üz-üzədir.
Süfrənin də ədaləti olmalıdır
Qida irqçiliyi – yalnız fərqli mətbəxlərə fərqli münasibət deyil. Bu, mədəni, siyasi və iqtisadi güc balansının yemək üzərindən formalaşan güzgüsüdür. Bir millətin yeməyi digəri üçün zərər, birinin bol təmiz südü digəri üçün illərlə yoxsulluq içində böyüyən uşağın əl çatmadığı məhsuldur.
Dünyada aclığı bitirmək üçün ərzaq çatışmazlığı problemi yoxdur. Problem – ədalətsiz bölüşdürmə, mədəni kodlaşdırma, siyasi biganəlik və iqtisadi maraqların insan həyatından üstün tutulmasıdır.