Məşhur fotojurnalist Reza Deqati, müharibə faciələrini, insanlara qarşı edilən zülmləri obyektivi vasitəsilə beynəlxalq səviyyədə işıqlandırıb. Onun Sovet höküməti dövründə Azərbaycanın “Qara Yanvar” faciəsini cəsarətlə sənədləşdirməsi həqiqətin işıq üzünə çıxması üçün verdiyi mühüm töhfələrdən biridir.
Reza Deqati Paris və Bakıdakı həmkarları ilə birlikdə vebsayt (www.khojalywitness.org) da hazırlayıb. Burada soyqırım qurbanlarının hekayələri ilə yanaşı 1992-ci ildə Xocalı və Ağdamda çəkilmiş fotoşəkillər təqdim olunur.
Vebsaytın əsas məqsədlərindən biri də Xocalı qurbanlarının və şahidlərinin fotoşəkillərini və şəxsi hekayələrini nümayiş etdirməklə insanlara itkin düşmüş yaxınlarını tapmaqda kömək etməkdir.
Bundan əlavə, Reza Deqatinin 2014-cü ildə ingilis və fransız dillərində nəşr olunmuş "Günahsızların Qətliamı” ("Massacre of the Innocents"), adlı kitabı, 20-ci əsrin 90-cı illərinin əvvəllərindən etibarən azərbaycanlılara qarşı törədilən qətliamları və Xocalı soyqırımını hərtərəfli və əhatəli izah edən nəşr olunmuş dünya miqyasında yeganə tarixi sənəddir. Kitabda onun 1990-cı il 20 Yanvar faciəsi və 1992-ci il fevralın 26-da Xocalı faciəsi zamanı çəkdiyi fotoşəkillər, qaçqın və məcburi köçkün ailələrinin həyatını əks etdirən fotoşəkillər yer alıb.
1992-ci il fevralın 26-da Parisdəki YUNESKO-da azərbaycanlı diplomat Ramiz Abutalıbov zəng vuraraq Xocalıda dinc əhalinin qətlə yetirilməsi ilə bağlı xəbəri ona çatdırır. Reza, Parisdən Bakıya mümkün ilk təyyarə ilə yola düşür.
O zamanlar, xarici qonaqların qalmağı üçün yeganə məkan İnturist Oteli (indiki Hilton Otel) idi. Reza bu oteldə bir çox diplomat və xarici qonaqlarla birlikdə qalırdı. O, xarici müxbir kimi cəbhə xəttinə getmək üçün yerli hakimiyyət orqanlarından akkreditasiya almalı idi. “Qara Yanvar” faciəsində sənədləşdirdiyi əsərləri minlərlə xarici media qurumuna çatan beynəlxalq səviyyədə tanınmış fotojurnalist olmasına baxmayaraq, Azərbaycanın Müdafiə Nazirliyi ona Ağdama getmək üçün icazə vermədi.
Ancaq Reza düz bildiyi yoldan geri dönmədi. Bu maneələr ona “20 Yanvar” faciəsi zamanı Sovet hökümətinin xarici jurnalistləri Bakıya buraxmamaq üçün qoyduğu qadağanı xatırlatdı. Bu cür məhdudiyyətlər ilə çox qarşılaşan Reza, bu maneəni keçmək üçün bir yol axtarmağa başladı. Çıxış yolu gözlənilməz bir anda gəldi – eyni oteldə qalan dörd fransız həkim və əczaçı ilə tanış oldu. Reza qeyd edir:
“Onlar həkim və əczaçılar idi. Niyə gəldiklərini soruşanda, Stepanakertdəki (Xankəndi) ermənilər üçün bir ton dərman gətirdiklərini dedilər. Niyə məhz onlara kömək etdiklərini soruşduqda isə belə cavab verdilər: ‘Parisdəki bütün jurnallar azərbaycanlıların erməniləri öldürdüyünü yazır. Ermənilər köməyə ehtiyacı var.’”
Fransızların dediyi yanlış məlumatlar Rezanın Parisdə oxuduğu xəbərlər ilə üst-üstə düşürdü. Reza Deqatinin Xocalı qətliamını sənədləşdirmək səfəri asan olmadı, lakin həqiqəti axtarmaq əzmi onu tarixi faktları aşkara çıxarmağa apardı. Münaqişə zonasına girişinə icazə verilməməsinə baxmayaraq, Reza öyrəndi ki, Müdafiə Nazirliyi fransız 2. səhiyyə nümayəndələrinə Stepanakertəki (Xankəndi) ermənilərə dərman aparmaq üçün icazə verib. Reza, həkimləri razı salaraq onların icazə sənədinə öz adını əlavə etdirdi və birlikdə Stepanakertə (Xankəndi) yola düşdülər.
Bakıdan gün boyu davam edən səyahətdən, çoxsaylı nəzarət-buraxılış məntəqələri və maneələri keçdikdən sonra onlar axşam saatlarında cəbhə xəttinə ən yaxın şəhər olan Ağdama çatdılar. Lakin burada Stepanakertə (Xankəndi) gedən yolun keçilməz və bağlı olduğunu öyrəndilər. Buna görə də onlar gecəni Ağdamda azərbaycanlı bir həkimin evində qaldılar. Ev sahibi onlarla Xocalıda ermənilərin törətdiyi vəhşiliklər barədə danışdı. Lakin fransızlar bu məlumatlara şübhə ilə yanaşır, deyilənlərin şişirdildiyini düşünürdülər.
Ertəsi gün səhər tezdən Reza şəhərə gedərək məlumat toplamağa başladı. Ağdam Cümə Məscidinin arxasında böyük bir izdiham görür. Dərin kədər və ah-nalə içində olan bu insanlar Xocalı qətliamından sağ çıxaraq qaçmağa nail olan şahidlər idi.
Bu zaman Reza, digər mülki şəxslər kimi, öz ölkəsini müdafiə etmək üçün könüllü olan bölgənin komandiri Allahverdi Bağırovla tanış olur. Allahverdi Bağırov və digər insanlarla apardığı söhbətlər zamanı Reza, onların yaşadığı dəhşətlərin miqyasını anlamağa başlayır. O, eşitdiyi məlumatların dəqiqliyinə əmin olmaq üçün fərqli insanlarla danışmağa və çəkilişlərinə davam edir. Reza Deqatinin sözlərinə görə:
“12 ildir ki, fotoaparatım ilə müharibələri çəkirdim, amma Xocalı insanlarına qarşı törədilən faciələri heç yerdə görməmişəm. Buna görə də bir insanın başqa bir insana necə bu cür vəhşiliklər edə biləcəyinə inanmaq istəmirdim. Amma gözləri oyulmuş, dəriləri soyulmuş, bədənləri parçalanmış cəsədləri gördükdən sonra eşitdiklərimə inanmağa başladım.”
Reza qaldıqları həkimin evinə qayıdıb gördüklərini fransız həkimlərə danışır. Reza, Cümə Məscidində Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Pyer Qotye ilə görüşür. Pyer, münaqişə zonasına daxil olaraq, azərbaycanlı meyitlərini götürüb məscidin arxasına gətirirdi.
Orada insanlar toplaşır, meyitlər arasında sevdiklərini axtarırdılar. Pyer gördüyü faciələri ilk olaraq Reza sonra isə fransız tibb işçiləri ilə bölüşür.
Əsgərana gedən yolda baş tutacaq ermənilərlə əsir mübadiləsi üçün hazırlaşan Allahverdi Bağırov Rezanı da onunla getməyə dəvət edir. Bağırov, Rezanın düşməndən təhlükəsizliyini təmin etmək üçün onun Fransız pasportundan istifadə etməsini və azərbaycan dilində deyil, fransızca danışmasını təklif edir. Bu sayədə, Reza onun əslən fransız olduğunu düşünən ermənilər ilə ünsiyyət də qura biləcəkdi. Belə də olur. Erməni əsgərləri ilə söhbəti zamanı Rezanı bir məqam təəccübləndirir. O, erməni tərəfində döyüşən, özünü “Corc” kimi təqdim edən Parisdən olan bir fransızla tanış olur. Reza Deqatinin sözlərinə görə:
“Mənə Fransız olduğunu və Parisdən gəldiyini, onun kimi bir çox könüllünün Fransadan və Amerikadan bura azərbaycanlılara qarşı döyüşməyə gəldiyini dedi. Mən də soruşdum ki, başqa ölkələrdən erməni tərəfdə döyüşməyə gələnlər varmı? Fransızın cavabı isə o idi ki, könüllülər bir çox fərqli ölkələrdən gəliblər, amma əsas snayperçilər Livandan gəlib.”
Reza, 1982-ci ildə Livanda olduğu zaman snayper bacarıqları ilə tanınan erməni ASALA üzvlərini eşitmişdi. Reza qeyd edir:
“1982 və 1985-ci illərdə Livanda baş verən müharibəni işıqlandırarkən, ən güclü snayperçilərin ASALA qrupunun üzvləri ermənilər olduğunu eşitmişdim. Onlar hamısı Qarabağda azərbaycanlılara qarşı döyüşməyə gəlmişdilər. Mən Füzuli, Cəbrayıl və digər bölgələrin işğalı zamanı çəkilişlər edərkən oradakı meyitlərdə gördüm ki, əksəriyyəti alnından tək güllə ilə vurulmuşdu, bu da snayperlərin işinin olduğunu göstərir.”
Söhbət zamanı erməni əsgərləri Reza'ya Azərbaycanlıların onun başını kəsə biləcəklərini və niyə Azərbaycan tərəfdə olduğunu soruşurlar. Ermənilər Rezaya özləri ilə qalmaq və Azərbaycan tərəfinə qayıtmamağı təklif edirlər. Reza cavab verir ki, o, müharibələri işıqlandıran illərin təcrübəsi olan xarici bir jurnalistdir və müxtəlif vəziyyətlərdə necə davranacığını yaxşı bilir. Bu anda, sərxoş olan bir erməni əsgəri, yarı rus və yarı erməni dilində danışaraq cibindən bir çay qaşığı çıxarıb Reza'ya göstərir. Fransız könüllü bu sərxoş erməni əsgərin hərəkətlərindən narahat olur və erməniyə qaşığı cibinə geri qoymağını istəyir. Reza, çay qaşığının nə məqsədlə istifadə edildiyini soruşanda, fransız ona “ermənilərin bu çay qaşığı ilə türklərin (azərbaycanlıların) gözlərini canlı-canlı çıxarırlar” deyə cavab verir. Əsir mübadiləsindən sonra Reza Ağdamda qaldığı həkimin evinə qayıdır, gördüklərini ordakılar ilə paylaşır.
Reza ilə birlikdə fransız tibb işçiləri Cümə Məscidi, şəhərdəki xəstəxana və meyitxanaları ziyarət edərək vəziyyəti müşahidə edirlər və insanlardan məlumat alırlar. Reza məscidi ziyarət edərkən tanış olduğu, hər gün bacısı Gözəl xanım ilə gələn və bacısının oğlunu və həyat yoldaşını axtaran Qaratel xanımı ah-nalə çəkərkən görür. O anları Reza Deqati belə xatırlayır:
“Yaşlı qadının əlləri ilə gözlərini bağlayıb ağladığını gördüm. O, mənə baxdı və yanına çağırdı: ‘Oğlum, oğlum, gəl, mən bacımın oğlunun cəsədini tapdım, amma gözləri yoxdur.’ O an erməni əsgərinin əlindəki çay qaşığını xatırladım və içimdə bir ürpərti hiss etdim. Meyitxanaya qayıtdım, cəsədlərə göz gəzdirəndə həmin oğlanın cansız bədənini gördüm. Onun gözləri çıxarılmışdı. Fransız həkimlərin dediyinə görə oğlanın gözləri canlı-canlı çıxarılıb yoxsa bu qədər qanaxma olmazdı.”
Fransız həkimlər Xocalı qurbanlarını gördükdən və dəhşətin canlı şahidlərinin dediklərini dinlədikdən sonra Fransadakı ermənilər ilə bağlı xəbərlərin reallıqla üst-üstə düşmədiyini anladılar. Reza Deqatinin sözlərinə görə:
“Onlar Parisə zəng edib dedilər: ‘Burada fərqli bir vəziyyət var, biz nə etməliyik?’ Parisdən onlara belə cavab verildi: ‘Siz heç 4. bir işə qarışmayın! Sizə nə deyilibsə onu edin və dərmanları Stepanakertə (Xankəndi) ermənilər üçün aparın.’ Bu cavabdan sonra Fransız həkimlər və əczaçılar tərəddüd içində qaldılar.”
Şam yeməyi zamanı onlar Rezaya bildirdilər ki, gördüklərindən sonra Fransada yayılan xəbərlərlə reallığın uyğun gəlmədiyini anlayıblar. Fransız tibb işçiləri bir ton dərmanı qətliam qurbanlarına kömək üçün Ağdamdakı xəstəxanalara verib Parisə qayıtmağa qərar verirlər.
Ancaq Reza Qarabağda qalıb Füzuli, Cəbrayıl, Laçın və Şuşaya səfər edərək ön cəbhədə çəkilişlər etdi. O, təxminən bir ay ön cəbhədə Şuşanın son günlərinə qədər erməni işğalını sənədləşdirməyə davam etdi. Onun önəmli və təxirəsalınmaz missiyası şahidi olduğu və obyektivinin yaddaşına köçürdüyü hadisələri beynəlxalq mediaya yaymaq üçün Parisə qayıtmaq idi.
Reza Deqati, ilk təyyarə ilə Bakıdan İstanbula, oradan isə Parisə yola düşdü. O, çəkdiyi fotoları beynəlxalq mediada yayımlamaq və onları müxtəlif sərgilərdə nümayiş etdirmək üçün gecə-gündüz çalışdı. Fransada və dünyanın müxtəlif ölkələrində baş tutan sərgilərinə ermənilərin ciddi təzyiqləri və fiziki hücumlarına baxmayaraq, peşəkar fotojurnalist olan Reza sənədləşdirdiyi tarixi faktları dünyaya çatdırmaq missiyasından geri dönmədi.
Bu yolda yorulmadan irəliləməsindəki əsas səbəblərdən biri isə Ağdamda tanışdığı yaşlı qadın, Qaratel xanımın sözləri idi: “Mən bacımın oğlunun cəsədini tapdım, amma gözləri yoxdur”.
33 ildir ki, Reza Deqati Xocalı qurbanlarının səsi olub, onların keçdiyi yolları, gördüyü zülmləri sənədləşdirib və bütün dünyada eşidilməsi üçün çalışıb. Reza Deqati vurğulayır:
“Şahidi olduğum anlar, eşitdiyim səslər məni dərin təsirləndirdi. Onların başlarına gələn faciələri dünyaya çatdırmaq mənim ömürlük vəzifəmdir—çiyinlərimdə bir yükdür.”