Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər

Xarici siyasət 11:32 08.05.2025

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər.

“EDnews ” xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı
-Hörmətli cənab Baş katib.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Hörmətli cənab Baş katib, Sizi Azərbaycanda bir daha salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır.

Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar.

Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsi bu və digər istiqamətlər üzrə mümkün əməkdaşlığı daha da sürətləndirəcək. Komissiya iclası uzun illərdir ki, keçirilmir və əldə edilmiş razılaşma əsasında tezliklə Komissiyanın iclasının keçirilməsi məsələsi öz həllini tapıbdır.

Əfsuslar olsun ki, iqtisadi-ticari istiqamət üzrə ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır. Əlbəttə, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı - bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq.

Biz bu gün, eyni zamanda, bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı fikir mübadiləsi apardıq. Mən hörmətli qonağımıza bildirdim ki, Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra bizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq və Vyetnam şirkətlərini investisiya qoymağa dəvət etdik. Eyni zamanda, Azərbaycan tərəfinin Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğunu bildirdim.

Müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var. Hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər.

Bizim beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz də çox ürəkaçandır. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə biz minnətdarıq. Eyni zamanda, biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır.

Biz bu gün, eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur. Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında - beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır.

Yəni bu gün bir çox istiqamətlər üzrə apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur. Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik. Bir sözlə, əminəm ki, səfərin çox gözəl nəticələri olacaq. Bizim hörmətli qonağımız ilk dəfədir ki, Azərbaycanda səfərdədir. Səfər vaxt baxımından qısa olsa da, məzmun nöqteyi-nəzərindən kifayət qədər zəngindir. Bu gün bizim işimiz davam etdiriləcək. Sabah da hörmətli Baş katibin səfəri davam edəcək. Əminəm ki, öz vətəninə Azərbaycandan ən xoş təəssüratlarla qayıdacaq.

Bir daha xoş gəlmisiniz, hörmətli cənab Baş katib. Sizə və bütün vyetnamlı yoldaşlarımıza yeni uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram.

Sonra Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi bəyanatla çıxış etdi.

Baş katib To Lamın
bəyanatı
 
- Hörmətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Hörmətli xanımlar və cənablar.

Əvvəlcə mən azərbaycanlı dostların səmimi qəbuluna görə cənab Prezidentə dərin təşəkkürümü bildirmək istəyirəm. Cənab Prezident, Vyetnamın ünvanına söylədiyiniz xoş sözlərə və iki ölkə arasındakı münasibətləri belə yüksək dəyərləndirdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Hazırkı səfərim diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana ilk səfəridir. Bu, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində Vyetnamın qətiyyətli olduğunu nümayiş etdirir. Bütün bunlar, öz növbəsində, ölkələrimiz arasında ənənəvi dostluğa və əməkdaşlıq potensialına cavab verir. Biz etimad, dostluq və səmimiyyət şəraitində cənab Prezidentlə uğurlu danışıqlar apardıq və yaxın zamanlarda iki ölkə arasında əlaqələrin strateji istiqamətlər üzrə inkişaf etdirilməsi barədə razılığa gəldik. Şadıq ki, ölkələrimizin münasibətləri Prezident Ho Şi Minin Azərbaycana 1959-cu ildə səfəri ilə başladı.

Onun səfərindən sonra müxtəlif təmaslar və səfərlər olmuşdur. Ölkələrimiz arasında əlaqələr dövlət rəhbərləri və xalqlarımız tərəfindən daim gücləndirilmişdir. Biz siyasi, diplomatik, energetika, müdafiə, ticarət və digər sahələrdə yaxşı nəticələr əldə etmişik. Bu əsasla biz strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı artıq qəbul etdik. Bu isə ölkələrimizin münasibətlərinin tarixində yeni dövr, yeni səhifə açır. Əminəm ki, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq.

Birgə Bəyanatda əks olunan müddəaları icra etmək üçün beş məsələni təklif edirəm. Cənab Prezidentin də indicə qeyd etdiyi kimi, birinci məsələ partiya, dövlət, parlament və rayonlar kimi bütün səviyyələrdə əlaqələri və təmasları fəallaşdırmaqdır. İstərdim ki, Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələr fəal olsun, imzalanmış razılaşmalar icra edilsin, mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyi artırılsın və yeni mexanizmlərin yaradılması imkanları araşdırılsın. Mən Prezident Əliyevi yaxın zamanlarda Vyetnama səfərə dəvət edirəm. O, artıq dəvətimi qəbul edib.

İkincisi, hökumətlərarası komissiya vasitəsilə ticari-iqtisadi əməkdaşlığı fəallaşdırmaq. Əmtəə dövriyyəsi və sərmayələri artırmaq, iki ölkənin işgüzar dairələrini bir araya gətirmək, energetika, neft və qazla yanaşı, bütün sahələrdə əməkdaşlıq etmək, dəmir yolları, dəniz yolları, kənd təsərrüfatı sahələrində digər əməkdaşlıq imkanlarını araşdırmaq vacibdir.

Biz hökumətlərarası komissiyanın növbəti iclasının tezliklə baş tutması məsələsini nəzərdən keçirəcəyik. Həmin komissiyanın gələcək iclasının nəticələrini səbirsizliklə gözləyirik, çünki o, artıq strateji tərəfdaşlıq əsasında həyata keçiriləcək.

Üçüncüsü, biz müdafiə və təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmalıyıq, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətlərimizi inkişaf etdirməliyik.

Dördüncüsü, mədəniyyət, idman və turizm, təhsil, xalqlararası təmaslar və regionlar sahələrində əməkdaşlığı genişləndirməliyik. Biz məşqlər, idman yarışlarının təşkili sahəsində təcrübə mübadiləsi barədə razılığa gəldik, eləcə də turizmi təşviq edəcəyik, tələbələri sizin güclü olduğunuz ixtisaslara yiyələnmək üçün göndərəcəyik. Xalqlararası təmaslara gəldikdə, istərdim ki, Dostluq Cəmiyyəti yaradılsın.

Beşincisi, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmalıyıq və BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Toplantısı kimi təşkilatlarda bir-birimizi dəstəkləməliyik.

Biz, həmçinin sülhsevər yanaşmanı dəstəklədiyimizi qeyd etdik. Biz mübahisələrin dinc yolla həllini, beynəlxalq hüquqa, o cümlədən BMT-nin 1982-ci il tarixli Dəniz Hüququ Konvensiyasına uyğun olaraq, gücdən istifadə etməmək və onun istifadəsi ilə hədələməmək kimi prinsiplərin vacibliyini bildirdik. Əminəm ki, iki ölkə rəhbərlərinin qətiyyəti ilə ikitərəfli münasibətlərimiz bundan sonra da xalqlarımızın rifahı, eləcə də regionda və dünyada sülh, sabitlik və əməkdaşlıq naminə inkişaf edəcək.

Təşəkkür edirəm.

Fatimə Mərdanlı //EDnews 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Cenevrədə ABŞ ilə Çin arasında ticarət tarifləri üzrə danışıqlar aparılacaq
12:12 07.05.2025
Rusiyaya hücum: İki zavod, bir aerodrom vuruldu
12:04 07.05.2025
Hamısı