Peru Konqresi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü münasibətilə dünya azərbaycanlarına təbriklə bağlı bəyanat qəbul edib.
“EDnews” xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı Səfirliyindən bildirilib.
Bəyanatda Azərbaycan Xalq Cümhuriyyətinin bütün vətəndaşlarına bərabər hüquqlarla təmin edən respublika, Şərqin ilk demokratiyası olduğu qeyd edilir. Azərbaycanda bütün dinlərin və etnik qrupların sülh və əmin-amanlıq şəraitində yaşadıqları vurğulanır.
Ölkəmizin uzun illər davam edən işğaldan sonra ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi, hazırda isə Cənubi Qafqaz regionunda davamlı və dönməz sülhün əldə olunması, eləcə də sabitlik və təhlükəsizliyin bərpası istiqamətində addımları təqdir edilir.
Qeyd edilir ki, bütün dünya azərbaycanlıları 28 Mayı Azərbaycanın milli bayramı kimi qeyd edir və öz əcdadlarının bütün Qafqaz regionunda, Orta Asiya və Yaxın Şərqdə demokratiyanın yayılmasında oynadıqları rolu daim xatırlayırlar.
Bəyanatda həmçinin ölkəmizin Peru üçün mühüm tərəfdaş olduğu qeyd olunur.