Azərbaycan və Səudiyyə Ərəbistanı arasında işgüzar əlaqələrin inkişafı istiqamətində yeni mərhələyə keçid müşahidə olunur. Qarşıdakı illərdə bu əlaqələrin daha da genişləndirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
İlk növbədə, işgüzar dairələr arasında davamlı dialoqun təmin edilməsi və konkret layihələr üzrə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi prioritet istiqamətlər kimi müəyyən olunub. Danışıqların daha praktik müstəviyə keçməsi və konkret nəticələrin əldə olunması üçün qarşılıqlı maraq doğuran sahələrdə birgə layihələrə xüsusi önəm veriləcək.
Bu çərçivədə, Səudiyyə Ərəbistanının Ciddə və ya Ər-Riyad şəhərində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır. Bu təşəbbüs Azərbaycan məhsullarının tanıdılması və ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli rol oynayacaq. Eyni zamanda, Bakıda keçirilən işgüzar görüşlər və investisiya təqdimatları vasitəsilə Səudiyyə Ərəbistanından olan investorların Azərbaycana cəlb olunması istiqamətində işlər görülür.
Əməkdaşlığın daha sistemli şəkildə təşkili məqsədilə Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası yaradılıb. Bu platforma sahibkarlar arasında koordinasiyanı təmin edən və davamlı əməkdaşlığa şərait yaradan mexanizm kimi fəaliyyət göstərir. Şura çərçivəsində bu günədək Ər-Riyad, Bakı və Şuşa şəhərlərində ümumilikdə altı iclas keçirilib.
Həmin görüşlər zamanı sənaye, əczaçılıq, kənd təsərrüfatı, turizm, qida sənayesi, tikinti, memarlıq, dizayn, logistika və bərpa olunan enerji sahələrində fəaliyyət göstərən iş adamları arasında birbaşa əlaqələr qurulub. Qarşılıqlı maraq doğuran investisiya layihələri ətrafında geniş fikir mübadiləsi aparılıb.
İşgüzar Şuranın iclasları çərçivəsində Azərbaycanın biznes və investisiya imkanları, ixrac potensialı, sahibkarlara göstərilən dəstək mexanizmləri ilə bağlı təqdimatlar keçirilib. Azərbaycanlı iş adamları işgüzar şəbəkələşmə və beynəlxalq əməkdaşlıq perspektivlərini önə çəkiblər.
Bundan əlavə, B2B formatında keçirilən görüşlərdə hər iki ölkənin kiçik və orta biznes nümayəndələri arasında təcrübə və məlumat mübadiləsi aparılıb. Tərəfdaşlıq təşəbbüslərinin təşviqi, qarşılıqlı işgüzar missiyaların təşkili və birgə tədbirlərin keçirilməsi məsələləri də müzakirə olunub.
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi və işgüzar əlaqələrin bu səviyyədə inkişaf etdirilməsi, regionda dayanıqlı iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir və hər iki ölkənin strateji maraqlarına cavab verir.
Fatimə Şükürova // EDnews