Azərbaycan və Almaniya yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə qarşılıqlı maraq göstərirlər. Bu barədə Azərbaycan Energetika Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, əməkdaşlıq imkanları energetika naziri Pərviz Şahbazov ilə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms arasında keçirilmiş görüşdə müzakirə olunub.
Görüşdə Almaniyanın enerji siyasəti çərçivəsində diversifikasiya, rəqabətqabiliyyətli enerji qiymətləri və iqlim dəyişiklikləri ilə mübarizədə əməkdaşlıq məsələləri önə çıxıb. Alman şirkətlərinin Azərbaycanda 20-yə yaxın layihədə iştirakı planlaşdırılır, onlardan bir hissəsi məhz enerji sektorunu əhatə edir.
Tərəflər kiçik miqyaslı bərpa olunan enerji layihələri, enerji səmərəliliyi və enerji tələbatının idarə olunması sahəsində əməkdaşlığı, həmçinin dəniz külək enerjisi, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi və yaşıl enerji təchizatı üzrə əməkdaşlıq potensialını müzakirə ediblər.
Xüsusilə qeyd olunub ki, hazırda inkişaf mərhələsində olan “yaşıl enerji dəhlizi” gələcəkdə yalnız elektrik enerjisi deyil, həm də yaşıl hidrogenin nəqlini nəzərdə tutur. Bu enerji dəhlizinin Almaniyanın enerji ehtiyaclarını qismən ödəmək imkanları da dəyərləndirilib.
Tərəflər həmçinin dünyada hidrogen sənayesinin inkişafı, yaşıl texnologiyalar və digər yaşıl enerji interkonnektorları barədə fikir mübadiləsi aparıblar.
Fatimə Şükürova // EDnews