Kürdəmirdə baş verən yanğın nəticəsində iki ailənin yaşadığı ev yanıb. Hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb.
“EDnews” xəbər verir ki , yanğın kənd sakini Yaqub Məmmədova məxsus fərdi yaşayış evində baş verib. Ümumi sahəsi 120 kvadratmetr olan, beşotaqlı və bir mətbəxli evin demək olar ki, bütün hissəsi alovlara təslim olub.
Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Onların çevik müdaxiləsi nəticəsində evin 25 kvadratmetrlik hissəsini yanğından qorumaq mümkün olub.
Ev sahibi bildirir ki, yanğın elektrik naqillərində baş verən qısaqapanmadan yaranıb və nəticədə 60 min manata yaxın maddi ziyana düşüb.
Hazırda yanğınla bağlı araşdırma aparılır.
Fatimə Mərdanlı // EDnews