Heydər Əliyev Beynəlxalq Aeroportu marşrut şəbəkəsini genişləndirməyə davam edir. 2026-cı il sentyabrın 29-dan etibarən Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti olan “Wizz Air” Bratislava – Bakı – Bratislava marşrutu üzrə birbaşa müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
Aeroportdan EDnews-a verilən məlumata görə, yeni istiqamətin açılması Azərbaycan ilə Slovakiya arasında hava əlaqələrinin daha da möhkəmlənməsinə, turizm və işgüzar səfərlər üçün əlavə imkanların yaradılmasına, həmçinin sərnişinlərə Mərkəzi Avropanın perspektivli istiqamətlərindən birinə daha sərfəli və rahat çıxışın təmin edilməsinə xidmət edəcək. Bu marşrut Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq marşrut şəbəkəsinin inkişafı istiqamətində atdığı növbəti mühüm addımdır.
Reyslər üzrə aviabiletlər artıq “Wizz Air” aviaşirkətinin rəsmi internet səhifəsində və digər satış kanalları vasitəsilə əldə edilə bilər.







