ABŞ-də müşahidə olunan anomal istilər elektrik enerjisinin qiymətində kəskin artıma səbəb olub.
EDnews xəbər verir ki, bu barədə ABŞ Energetika İnformasiyası İdarəsi məlumat yayıb.
Məlumata görə, ölkənin bəzi ştatlarında elektrik enerjisinin qiymətində artım 200 faizi ötüb. İyulun 2-nə olan göstəricilərə əsasən, Men, Vermont, Nyu-Hempşir, Massaçusets, Konnektikut və Rod-Aylend ştatlarını əhatə edən Yeni İngiltərə regionunda topdansatış bazarında spot qiymətlər bir gün ərzində 243,2 faiz bahalaşıb.
Nyu-Yorkda elektrik enerjisinin qiyməti 101,7 faiz artıb. Orta Atlantika ştatlarında qiymət artımı 45,6 faiz, Orta Qərb ştatlarında 54,5 faiz, Kaliforniyada isə 46 faiz təşkil edib.
CNBC telekanalının məlumatına görə isə qiymət artımına əsas səbəblərdən biri kondisionerlərdən istifadənin kəskin çoxalmasıdır. Bununla əlaqədar Nyu-York meri Zöhran Məmdani sakinlərə enerji sisteminə düşən yükü azaltmağı tövsiyə edib.
O, vətəndaşlara kondisionerlərin temperaturunu 78 dərəcə Farengeytə, yəni təxminən 25,5 dərəcə Selsiyə tənzimləməyi, paltaryuyan və qabyuyan maşınlardan isə yalnız səhər tezdən və ya axşam gec saatlarda istifadə etməyi məsləhət görüb.
Qeyd edək ki, iyulun əvvəlindən ABŞ-nin bir sıra bölgələri anomal isti hava dalğasının təsiri altındadır. Hidrometerologiya Xidmətinin məlumatına görə, bəzi regionlarda havanın temperaturu 40,5 dərəcəni keçə bilər.



.jpg)



