Bakının iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar təmir işləri aparılacaq.
EDnews xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumata görə, Hüseyn Cavid prospektində, Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək olan hissədə frezlənmə və yeni asfalt örtüyünün döşənməsi işləri aparılacaq. Bu ərazidə təmir işləri 30 iyun saat 10:00-dan başlayaraq 3 iyul saat 07:00-dək davam edəcək.
Bundan əlavə, Ayna Sultanova küçəsində, Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək olan hissədə də asfalt örtüyü yenilənəcək. Sözügedən ərazidə işlər 1 iyul saat 08:00-dan 6 iyul saat 08:00-dək həyata keçiriləcək.
Təmir müddətində qeyd olunan ərazilərdə hərəkətin qismən məhdudlaşdırılması nəzərdə tutulur.
Agentlik sürücülərə müraciət edərək bildirib ki, qeyd olunan tarixlərdə hər iki ərazidə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Bununla əlaqədar sürücülərə mümkün olduqda alternativ marşrutlardan istifadə etmələri, müvəqqəti yol nişanlarının tələblərinə və hərəkəti tənzimləyən əməkdaşların göstərişlərinə əməl etmələri tövsiyə olunur.







