Hər bir ölkə tarixi abidələri, memarlıq nümunələri ilə yanaşı, özünəməxsus mətbəxi və ləziz təamları ilə seçilir. Türkiyə dünyanın ən zəngin mətbəxə malik ölkələr siyahısındadır.
Anadolunun bağrı hesab edilən və Türkiyənin ən çox əhali yaşayan 9-cu şəhəri olan Van mətbəxi özünəməxsusluğu ilə seçilir. Bölgə əsasən zəngin təamlardan ibarət səhər yeməyilə məşhurdur. Özünəməxsus səhər yeməyi mədəniyyəti olan bu əraziyə turistlər, eləcə də yerli əhali təyyarə ilə 2 saatlıq səfər edərək zəngin təamlardan dadıb geri dönürlər.
Ednews xəbər verir ki, Türkiyənin Van bölgəsinə təşkil olunan mediatur çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər bu bölgənin məşhur səhər yeməyinə qonaq edillərək, "Matbah-ı Van"ın qonağı olublar.
Media nümayəndələrinə səhər süfrəsində təqdim olunan müxtəlif pendir çeşidləri ( otlu Van pendiri, keçi pendiri, çirek pendiri, lavaş pendiri və s.), cürbəcür mürəbbə və cemlər, qovrulmuş buğda unundan hazırlanan qovut, dağ balı, burçua, keçi südündən hazırlanan kərə yağı, qovrulmuş una yumurta əlavə edilərək hazlrlanan murtua, küncütdən hazırlanan tahin, qovurmalı omlet və bir sıra regional mətbəx nümunələri təqdim edilib.
Vanda səhər süfrəsini gül mürəbbəsiz təsəvvür etmək olmaz. Çəhrayi qızılgülün çiçək açdığı gün yığılaraq hazırlanan bu mürəbbə Van mətbəxinə məxsus təam kimi qeydiyyatdan keçirilib.
Qonaqlara süfrədəki təamların hazırlanması və tarixi haqqında ətraflı mılumat verilib.
Qadın əməyinə xüsusi önəm verilən Vanda ağpazlıqla yanaşı, arıçıların da böyük əksəriyyəti evdar xanımlardan ibarətdir.
Açıq mətbəxi, eləcə də təndirxanası sayəsində müştərilərin gözü önündə səhər yeməyinin və təndir lavaşının hazırlanması restoranın əsas özəllikıərindən hesab edilir.
Tarixi keçmişi olan və bölgənin əsas kulinariya zənginliyi hesab edilən Van səhər yeməyindən görüntüləri təqdim edirik:
Vüsalə Balayeva, Türkiyə, Van