"Dində sünni-şiə ayrı-seçkiliyi yoxdur. Bunların hamısı sonradan müxtəlif məqsədlərlə ortaya çıxmış qruplaşmalardır".
İlahiyyatçı Elşad Miri bunu EDnews-a açıqlamasında bildirib.
"Əksinə, "Qurani-Kərimdə" də Allah insanları birliyə çağırır, hamının Allahın ipindən möhkəm yapışmasını və birlikdə olmasını istəyir. Firqələrə və məzhəblərə bölünmək isə pislənilir. Hətta insanların öz firqələri ilə öyünməsi və buna sevinməsi də tənqid olunur".
İlahiyyatçının sözlərinə görə, "Qurani-Kərim" də, xüsusilə "Rum" və "Ali-İmran" surələrində müsəlmanların birlik içində olması tövsiyə edilir:
"Təəssüf ki, bu gün belə problemlər mövcuddur. Bəzi insanlar zahirdə bir-birilərini qəbul edir, birlik nümayiş etdirirlər, birlikdə ibadət edirlər. Amma əksəriyyət hələ də bir-birinin arxasında namaz qılmır, bir-birini tam qəbul etmir. Bəzən isə, təəssüf olsun ki, insanlar bir-birinə hətta kafir kimi yanaşırlar. Bu, acı reallıqlardan biridir".
İlahiyyatçı çıxış yollarına da diqqət çəkərək, söyləyib ki, yeganə çıxış yolu müəyyən məsələlərin doğru və ya yanlış olması üzərində mübahisə etmək deyil:
"Əsas məsələ fərqləri bir kənara qoyaraq Qurana möhkəm sarılmaq, həyatını Quranın prinsiplərinə uyğun qurmaq və əmrləri ona əsasən həyata keçirməkdir".
Aytac Kərimova | EDnews






