Bu gün Azərbaycanın siyasi xadimi, Azərbaycan Respublikasının birinci prezidenti Ayaz Mütəllibovun anım günüdür.
Ednews xatırladır ki, Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu maşınqayırma ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu bürosunun böyük texnik-konstruktoru kimi başlamışdır. 1959–1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda işləmişdir. Burada o, quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, zavodun direktoru olmuşdur.
1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ayaz Mütəllibov respublikaya rəhbərlik edib, mayda parlamentin qərarı ilə yeni təsis olunan prezident vəzifəsinə gətirilib, 1991-ci ilin ümumxalq seçkisində eyni posta mandat alıb.
O, Azərbaycanın müstəqilliyinin ilk illərində - 1991-1992-ci illərdə əvvəlcə parlament tərəfindən, sonra ümumxalq seçkilər vasitəsilə ölkə Prezident seçilmişdi və Xocalı faciəsindən bir neçə gün sonra istefa vermişdi.
1992-ci il martın 6-da istefa verən Ayaz Mütəllibov mayın 14-də parlamentin qərarı ilə vəzifəyə qaytarılıb, amma ertəsi gün ölkəni tərk edərək Rusiyanın paytaxtı Moskvaya sığınıb.
2012-ci ildə Ayaz Mütəllibov vətənə dönərək Bakıda məskunlaşıb.
2022-ci il martın 27-də vəfat edən Ayaz Mütəllibov Bakının Fəxri xiyabanında dəfn olunub.
Oğuz