Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?

Mədəniyyət 12:08 21.06.2025

Dahi bəstəkar, Şərqdə ilk operanın yaradıcısı, musiqişünas-alim, publisist, dramaturq və pedaqoq, ictimai xadim Üzeyir Hacıbəyli təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk-İslam sivilizasiyası üçün əvəzsiz bir sənətkar olub. Onun musiqi irsi yalnız milli deyil, ümumbəşəri əhəmiyyət daşıyır. Bu möhtəşəm irs zaman-zaman ermənilər tərəfindən plagiata məruz qalıb. Ümumiyyətlə, Üzeyir Hacıbəyli erməni plagiatına ən çox məruz qalan Azərbaycan bəstəkarı olub. Bəs niyə daha çox Üzeyir Hacıbəylinin əsərləri? Araşdırmalara görə, bunun bir sıra səbəbləri var.

Üzeyir Hacıbəyli Azərbaycan musiqisində milli ruhla klassik Avropa musiqisinin sintezini həyata keçirmiş ilk bəstəkardır. O, milli muğam zənginliyini Avropa operası ilə birləşdirərək “Leyli və Məcnun” kimi elə bir əsər yaradıb ki, bu gün belə Şərq musiqisinin incisi hesab olunur. Bu cür zənginlik, orijinallıq və dərinlik başqa qonşu xalqlarda - xüsusən də ermənilərdə yoxdur, ola da bilməz. Çünki ermənilər musiqi kimliyinin əsas komponentlərini məhz Azərbaycan türklərindən götürərək öz adlarına çıxmağa çalışıblar.

Tarix göstərir ki, erməni professional musiqisi XIX əsrin sonlarında Rusiya imperiyasının himayəsi altında süni şəkildə formalaşdırılıb. Onların xalq musiqisi zəngin deyil, muğam kimi mürəkkəb formaları yoxdur. Bu səbəbdən erməni musiqiçiləri əvvəllər məcburən əsasən Azərbaycan muğamına, aşıq musiqisinə və xalq havalarına istinad ediblər.

Üzeyir Hacıbəyli bütün milli zənginlikləri toplayıb notlaşdıran, sistemləşdirən ilk bəstəkar idi. Onun topladığı və nota köçürdüyü xalq mahnıları ermənilər üçün “açıq mənbə" rolunu oynayıb.

Bakı Musiqi Akademiyasının mərhum dosenti Ariz Abduləliyev öz araşdırmasında yazıb ki, Üzeyir Hacıbəylinin Azərbaycan Xalq Cümhuriyyərinin ideoloqu, müsəlman Şərqində ilk demoktatik respublikanın Dövlət Himninin müəllifi olması erməniləri həmişə qıcıqlandırıb. Erməni musiqiçiləri tərəfindən Üzeyir Hacıbəylinin yaratdığı əsərlərin “erməniləşdirilməsi”nin bir səbəbi də budur. Başqa sözlə, Ü.Hacıbəylinin müəllifi olan əsərlərə, melodiyalara qarşı müxtəlif vaxtlarda və müxtəlif texnologiyalarla plagiatlıq edən erməni bəstəkarları, musiqişünasları, ifaçıları, folklorşünasları professional etikaya, mənəviyyata və beynəlxalq müəllif hüquqları normalarına zidd əməlləri ilə özlərinin mənfur məqsədlərinə xidmət ediblər.

Bu məkrli və qərəzli məqsəd, ilk növbədə, Azərbaycan klassik professional musiqisinin banisi, milli bəstəkarlıq məktəbinin, musiqi təhsilinin təməlçisi, ilk notlu xalq çalğı alətlərinin, Dövlət xorunun, Dövlət Mahnı və Rəqs Ansamblınını təşkilatçısı, Dövlət Konservatoriyasının ilk azərbaycanlı rektoru, nəhayət, Azərbaycanın Dövlət Himninin müəllifi Üzeyir Hacıbəylinin - sənət dahisinin yaradıcılığını, onun musiqi irsini aşağılamaqdan, şəxsiyyətini və dəyərini bilərəkdən “ciddiyə almamaqdan” ibarətdir.

Üzeyir Hacıbəylinin əsərlərinin və müəllifliyinin saxtalaşdırılması, şübhə altına salınması kimi qərəzli, məqsədli fəaliyyətlərini sovet dönəmindən bəri uzun illərdir davam etdirən erməni musiqiçiləri, sənət və mədəniyyət nümayəndələri, ideoloqları bununla Azərbaycan musiqi incəsənətini də öz saxtakarlıqlarının hədəfinə alıblar.

Üzeyir Hacıbəylinin əsərləri və ya əsərlərindən melodik parçalar ermənilər tərəfindən 100 ildən çoxdur açıq-açığına oğurlanır, erməniləşdirilərək ifa olunur, notlar ilə, audio və videoyayım vasitələrilə, internet saytları və konsertlərlə “erməni musiqisi” adı altında təbliğ edilir.

Dahi bəstəkarın ermənilər tərəfindən ən çox oğurlanan əsəri "Arşın mal alan" operettasıdır. Bu operetta təkcə Azərbaycanda deyil, bütün Qafqazda və Orta Asiyada böyük populyarlıq qazanıb. Ermənilər bu əsəri dəfələrlə tərcümə edərək öz dillərində səhnələşdirib, bəzi yerlərdə müəllif kimi erməni bəstəkarlarının adını göstəriblər. Hətta 1945-ci ildə İrəvanda çəkilmiş "Arşın mal alan" filmi üçün Üzeyir Hacıbəylinin adı əvvəlcə qeyd olunmayıb, sonradan beynəlxalq təzyiqlər nəticəsində bərpa edilib.

Üzeyir Hacıbəylinin bəstələdiyi məşhur “Çırpınırdı Qara dəniz” mahnısı 2019-cu ildə internet resurlarına Abraam Russo adlı erməni müğənninin ifasında “Kamança” adı ilə yerləşdirilib. İddia edilib ki, guya bu mahnı XVIII əsrin erməni şairi Sayat Nova tərəfindən yazılıb. Halbuki Üzeyir Hacıbəyli bu mahnını 1918-ci ildə Türkiyənin Qafqaz İslam Ordusunun Azərbaycandakı tarixi qəhrəmanlığına, Türk əsgərinin Azərbaycanın azadlığı uğrunda şəhidliyinə, xalqımızı qarşıdakı erməni terrorlarından qurtarmasına ithaf etmişdi. Üzeyir bəy Əhməd Cavadın şeirinə yazdığı bu mahnı ilə həm də ermənilərin daşnak-bolşevik birliyinə və Azərbaycana qarşı məqsədlərinə ideya-mənəvi zərbə vurmuşdu. Elə məhz buna görə ermənilər Üzeyir Hacıbəyliyə həmişə kin bəsləyiblər.

Azərbaycan Müəllif Hüquqları Agentliyinin məlumatına görə, Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərilə yanaşı, “O olmasın, bu olsun” operettası, “Koroğlu” operasının müəyyən hissələri də uzun illərdir erməni nümunələri kimi təqdim edilməyə çalışılıb.

 2024-cü ildə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisi “Vaqarşapat rəqsi” adlandırılaraq Paris Operasında erməni pianoçu Hayk Melikyan tərəfindən ifa olunub. Ermənilər bu musiqinin guya 1947-ci ildə Arno Babacanyan tərəfindən yazıldığını iddia ediblər.

Üzeyir Hacıbəyli milli muğam və xalq musiqilərini toplayıb nota köçürən ilk bəstəkar idi. Onun topladığı 300-dən artıq xalq mahnısı və təsnif bu gün də Azərbaycan musiqisinin əsas xəzinəsidir. Ermənilər bu mənbəni uzun illər plagiat üçün istifadə ediblər.

Sovet dövründə Moskvadakı mədəniyyət institutları Qafqaz xalqları arasında "mədəniyyət yaxınlığını" təbliğ edirdi. Bu şəraitdə erməni musiqişünasları Azərbaycan bəstəkarlarının, xüsusən də Üzeyir Hacıbəylinin topladığı materialları mənimsəyərək "Qafqaz xalqları musiqisi" adı altında öz əsərlərinə daxil ediblər.

Üzeyir Hacıbəyli irsinə paxıllıq edən ermənilərin tanınmış nümayəndələri hətta bunu etiraf da ediblər. Məsələn, erməni bəstəkar və musiqişünas Nikolay Tiqranyan 1916-cı ildə Tiflis şəhərində dərc olunmuş “Mşaq” qəzetinin 3 sentyabr tarixli sayında yazıb:

““Arşın mal alan” niyə bu qədər sevilirdi? Artıq 2 ildən çoxdur ki, erməni səhnəsində böyük uğur qazanan türk [Azərbaycan] operettası – “Arşın mal alan” həm də erməni ziyalıları arasında böyük maraq doğurur. Dünən mən “Artist cəmiyyəti” (Tiflis şəhəri) teatrında Q.Yeritsyanın truppasının ifasında bu əsərin növbəti tamaşasına baxdım. Bu dəfə də zal əhalinin orta təbəqəsindən olan tamaşaçılarla dolmuşdu. Onlardan başqa, zalda çoxlu zabitlər, ziyalı nümayəndələri, hətta ingilis missioner cənab Mak Kamma Adonis və cənab Qipokbekyan da iştirak edirdilər... Mən tamaşanı sona qədər izlədim və mənə aydın oldu ki, qədim dövrlərdən bəri türklərlə qonşuluqda yaşayan və onlarla daimi ünsiyyətdə olan erməni xalqı niyə “Arşın mal alan”a bu qədər ləzzətlə baxır. Zənnimcə, biz xalqa [ermənilərə] bu tamaşaya sonsuz olaraq baxmağı qadağan edə bilmərik... Buna baxmayaraq, bir çox psixoloji səbəblərlə əlaqədar bu əsər erməni xalqının diqqətini cəlb edəcəkdir. Ermənilər əsrlər boyu türk-tatarların və farsların əsarəti altında yaşayıblar. Onların qulaqları tar və kamança səsləri ilə doldurulub. Ona görə də Şərq musiqisi erməni xalqının cisminə və qanına hopub”.

Yeri gəlmişkən, Üzeyir Hacıbəylinin özü də vaxtilə erməni plagiatlığından bəhs edib, onların azərbaycanlılardan öyrəndiklərini bildirib. Dahi bəstəkar “Yeni iqbal” qəzetinin 1915-ci il 21 sentyabr tarixli nömrəsində “Filankəs” imzası ilə çap etdirdiyi “Ordan-burdan” sərlövhəli felyetonunda yazırdı:

“Yazıq ermənilər! Genə yazıq ermənilər! Bəs siz ki, bizdən ağıllı idiniz! Məgər siz bilmirsinizmi ki, opera pis şeydir, musiqi ziyandır!
A yazıq ermənilər, nə üçün özünüzü bəlaya salıb “Arşın mal alan”ı, “Məşədi İbad”ı öz dilinizə çevirdiniz, a bədbəxtlər?!
Məgər sizin “tərəqqipərvər” və “millətpərəst” jurnalçılarınız yox idi ki, sizi bu “bəla”dan piş-əzvəxt xəbərdar edə idi!..”

Üzeyir Hacıbəyli burada ermənilərin “Arşın mal alan”ı, “Məşədi İbad”ı erməni dilinə çevirmələrinə işarə etməklə operanı və operettanı azərbaycanlılardan öyrəndiklərini diqqətə çatdırıb. Üzeyir bəy həm də ermənilərin boynuna bir həqiqəti qoyub ki, opera, musiqi Qafqaz müsəlmanları (azərbaycanlılar) arasında meydana çıxıb, ermənilər isə buna sonradan mübtəla olublar.

Üzeyir Hacıbəyli vaxtilə həm də erməni terrorçuların hədəfi olub. O, 1905-ci ildə Qarabağın Hadrut kəndində müəllim işlədiyi zaman yaşadığı ev beş dəfə erməni hücumuna məruz qalmışdı. Çünki Üzeyir bəy siyasi publisistikasında qatı millətçi erməni daşnaklarının Azərbaycana ərazi iddiaları ilə əlaqədar törətdikləri faciəli aksiyaları, vəhşiliyi ardıcıl olaraq ifşa edir, lənətləyirdi.

Üzeyir Hacıbəyli ikinci dəfə 1918-ci ilin mart ayında qətlə yetiriləcək ziyalıların siyahısına daxil edilib və 8 dəfə erməni daşnaklarının terror aksiyasına məruz qalıb. Gecə yarısı onun mənzili dəfələrlə bir neçə nöqtədən atəşə tutulub, xoşbəxtlikdən bəstəkar bu teraktlardan da sağ çıxa bilib.

1918-ci ilin mart ayında Bakıda törədilən soyqırımının canlı şahidi olan Üzeyir Hacıbəyli yazırdı: “Bolşeviklər daşnaklarla birləşib mart qırğınını törətdilər və Bakını xarabazara döndərdilər”.

 Professor İmran Cəfərzadə Üzeyir Hcıbəyli ilə bağlı araşdırmasında yazır:

“1919-cu ildə Əlimərdan bəy Topçubaşovun basçıliğı ilə Versal sülh konfransında iştirak edəcək nümayəndə heyətinin tərkibi məlum olanda Üzeyir Hacıbəyli nümayəndə heyətinə ünvanlanan tövsiyələrindən ibarət iki məktub yazmışdı. O bilirdi ki, ermənilər terrorçuluq və soyqırımı aksiyaları ilə bərabər Azərbaycan musiqisini mənimsəyən peşəkar oğrudurlar. Üzeyir bəy “El musiqisi” adlı məqaləsində keçən əsrin əvvəllərində ermənilərin bizim milli sərvətlərimizi oğurladıqlarını, mahnılarımızı öz adlarına çıxdıqlarını nəzərə çatdırmış, bu barədə müəyyən təşkilatlara rəsmi müraciət etmiş, erməniləri oğru, əyri, tamahkar, hiyləgər millət adlandırmışdı.

O, musiqi əsərlərimizin ermənilər tərəfindən oğurlanmasına şərait yaradan səbəblər haqqında da yazırdı: “Hal-hazıra qədər Azərbaycan xalqının bir çox nəğmələri və rəqsləri aradan çıxaraq get-gedə əhali arasında intişar tapmayıb axırda əskilir. Onların yerinə yeni-yeni şeylər gəlir. Hərgah, biz istəsək ki, bir neçə il bundan qabaq Azərbaycanda oxunan mahnılardan xəbərdar olaq, ola bilər ki, onları xatırlaya bilməyək. Buna səbəb musiqi əsərlərini toplamamağımızdır".

Üzeyir Hacıbəyli qeyd edirdi: “Azərbaycanda özlərindən əsər yaradan bir çox Avropa musiqişünaslarından başqa, bir neçə Şərq musiqişünasları da vardır. Bu musiqişünaslardan biri Avropada təhsil görmüs və Bakıda xormeystr olan Anton Maliyandır ki, o, bir neçə kiçik nəğməsi ilə fəxr etməklə kifayətlənməyərək, basqalarının əsərlərini də xorda oxuyaraq öz musiqisi adlandırır. Bu nəğmələrdən biri “Şah İsmayıl” operasından “Haydı qızlar” nəğməsidir ki, müsamirə vaxtı proqramda onu öz musiqisi kimi qələmə verir. “Ay yoldaşlar” nəğməsini nota alaraq öz adına çıxır. Bu nəğmə, əvvələn, bir neçə il bundan əqdəm fars dilində oxunan və fars ahəngilə gedən bir nəğmədir. Sonra nəğmə Bakıya gətirilərək 1924-cü ildən etibarən türkcə qoftələnib məktəblərdə oxunur.

El musiqi əsərlərinin təhrif olunmasında, özgələr tərəfindən mənimsənilməsində həpsinin səbəbi el nəğmələrinin toplanmaması, nota salınmaması və nəğmə məcmuələri şəklində həmişə saxlanılmamasıdır. Əgər el nəğmələri nota salınaraq toplansa və saxlansa, əlbəttə, heç kəs onu özünə çıxa bilməz, o nəğmələr itib-batmaz, tez unudulub məhv olmaz””.

Ötən əsrin əvvəllərində Üzeyir bəyin böyük həyəcan və qətiyyətlə diqqətə çatdırdıgı bu problem, təəssüf ki, günümüzdə də qalmaqdadır. Ermənilər öz “klassik” peşələrini – plagiatlığı davam etdirir, xalq mahnılarımızı, Azərbaycan bəstəkarlarının musiqilərini oğurlamaqda, öz adlarına çıxmaqdadırlar...

Müəllif: A. Zeynalov

Məqalə “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib
17:06 07.07.2025
Vərəsəliklə bağlı yeni qaydalar təsdiqləndi
16:44 07.07.2025
Ən şanslı gündə doğulan bürclər açıqlandı
16:29 07.07.2025
Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib
16:19 07.07.2025
Rutte Məcburi Hərbi xidmət haqqında danışdı
16:14 07.07.2025
2025-ci il ərzində dərman zəhərlənmələrindən 7 nəfər ölüb
15:59 07.07.2025
Qala Dövlət Qoruğunda genişmiqyaslı iməcilik keçirilib
15:44 07.07.2025
"Qarabağ" Juninyonu geri alır?
15:29 07.07.2025
"Saakaşvili əfv olunmayacaq"
15:14 07.07.2025
Azərbaycanla bağlı məşhur trendə Puyol da qoşuldu
14:59 07.07.2025
Şəxsi məlumatlarımızı necə qoruyaq?
14:44 07.07.2025
“Rusiya və Azərbaycan müttəfiq qalmalıdır”
14:29 07.07.2025
Polşa ordusu Almaniya ilə sərhəddə xüsusi əməliyyat keçirir
14:14 07.07.2025
SAXAL Suriyada İranla əlaqəli olduğu iddia edilən yaraqlıları ələ keçirib
13:59 07.07.2025
Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər -Mütəxəssislər xəbərdarlıq edir
13:44 07.07.2025
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi
13:29 07.07.2025
Dünyanın ən yaşlı quru heyvanı tapıldı
13:14 07.07.2025
"II Qaregin arxiyepiskopların hərbi çevriliş planlarını dəstəkləyir"
12:59 07.07.2025
Çin “Rafale”yə qarşı propoqanda aparır
12:34 07.07.2025
3 500 illik qədim şəhər aşkarlandı
12:29 07.07.2025
Rusiyada 8 azərbaycanlı saxlanılıb
12:14 07.07.2025
Ukraynanın Almaniyadan istədiyi silahların siyahısı yayımlandı
11:59 07.07.2025
Ukrayna dronları Rusiya səmasını işğal etdi
11:38 07.07.2025
İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11:23 07.07.2025
Hamısı