Mediada yayılan məlumata görə, Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski 2025-ci ilin yayında Azərbaycanda məhkum olunmuş 11 Rusiya vətəndaşı ilə dəyişdirilə bilər.
EDnews məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, hazırda bu barədə hansısa məlumat yoxdur.
"Məlumat olarsa, bildiriləcək", - deyə qeyd olunub.
Xatırladaq ki, mart ayının əvvəlində diasporun keçmiş rəhbəri digər bir cinayət işi üzrə – iş adamının qətlində və öz həmyerlisinə qarşı sui-qəsddə təqsirli bilinərək 22 il müddətinə ciddi rejimli həbsxanaya məhkum edilmişdi. Çıxarılan son hökmlərin toplusuna əsasən, Şahin Şıxlinskiyə ümumilikdə 24 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasının ilk 4 ilini qapalı həbsxanada, qalan hissəsini isə ciddi rejimli islah-əmək müəssisəsində çəkəcək.
Məlumat üçün qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyul ayında Moskvaya səfər edəcək. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də bildirmişdi ki, Ceyhun Bayramovun səfəri zamanı Rusiya Bakıda saxlanılan 11 rus vətəndaşının tezliklə azad edilməsi məsələsini qaldıracaq.
Aysel Hacıyeva | EDnews








