Ermənistan parlamentinin spikeri Alen Simonyanın deputat mandatından imtina edəcəyi ilə bağlı açıqlaması ölkə daxilində siyasi prosesləri yenidən gündəmə gətirib.
Məsələ ilə bağlı EDnews-a danışan politoloq Tofiq Abbasov Simonyanın bu addımını Ermənistan hakimiyyəti daxilində mümkün kadr dəyişiklikləri və yeni siyasi konfiqurasiyanın formalaşması baxımından qiymətləndirib.

Politoloqun sözlərinə görə, Alen Simonyanın deputat mandatından imtina etməsi təkcə fərdi qərar kimi yox, Paşinyan komandasının daxilində seçki sonrası mərhələyə hazırlıq kimi dəyərləndirilə bilər.
“Bu, Paşinyan komandasının daxilində yeni siyasi konfiqurasiyanın formalaşması kimi qiymətləndirilə bilər. Hakimiyyət seçki sonrası mərhələdə həm daxili auditoriyaya, həm də xarici tərəfdaşlara yenilənmə mesajı verməyə çalışır. Ermənistan hakimiyyəti daxilində baş verən bu cür addımlar siyasi məsuliyyətin yenidən bölüşdürülməsi və gələcək proseslərə hazırlıq baxımından diqqət çəkir. Paşinyan öz komandasında balansı qorumağa və mümkün riskləri qabaqlamağa çalışır. Simonyanın qərarı da bu baxımdan təsadüfi görünmür. Bu, Ermənistan daxilində hakimiyyətin yeni mərhələyə hazırlaşdığını göstərən siqnallardan biri ola bilər”, - deyə Tofiq Abbasov bildirib.
Politoloq əlavə edib ki, bütün bu proseslərə baxmayaraq, Ermənistanın regionda siyasi və iqtisadi balansı dəyişmək imkanları məhduddur. Onun sözlərinə görə, Azərbaycan artıq Cənubi Qafqazda lider mövqeyini möhkəmləndirib və Avropa üçün əvəzolunmaz tərəfdaşa çevrilib.
“Əgər Azərbaycan Avropa İttifaqı üçün böyük bir dağdırsa, Ermənistan kiçik bir çökəklikdir. Azərbaycanın geosiyasi, geoiqtisadi və makroiqtisadi göstəriciləri Ermənistanla müqayisədə tamamilə fərqli səviyyədədir. Ermənistanın regional güc balansını dəyişmək şansı sıfıra bərabərdir”, - deyə o vurğulayıb.
Politoloqun sözlərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bakıda keçirdiyi görüşlər də Azərbaycanın Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıdığını bir daha göstərdi.
“Bu, təkcə enerji təminatı ilə bağlı deyil. Kommunikasiyalar, rəqəmsal layihələr, nəqliyyat dəhlizləri və texnoloji əməkdaşlıq kimi sahələrdə Azərbaycanla Avropa İttifaqını dərin layihələr birləşdirir. Azərbaycan regionda real tərəfdaş kimi çıxış edir”, - deyə Abbasov bildirib.
Tofiq Abbasov Ermənistanın alternativ nəqliyyat marşrutları təklif etməsinin də ciddi iqtisadi əsaslara söykənmədiyini qeyd edib.
“Ermənistan ərazisindən İran və Naxçıvan istiqamətində uzanan yollar geoloji və coğrafi baxımdan çox çətin yollardır. Orada yük həcmini ciddi şəkildə artırmaq mümkün deyil. Azərbaycan isə hamar, əlverişli və strateji baxımdan daha səmərəli yollar təqdim edir. Avropa heç vaxt düz yolu qoyub əyri yollarla getməyəcək”, - deyə politoloq əlavə edib.
O yekunda bildirib ki, Ermənistan uzun illər keçsə də, Azərbaycanı regionda alternativ tərəfdaş kimi əvəz edə bilməyəcək.
Aysel Hacıyeva | EDnews


.jpg)



