Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər.
Mövzu ilə bağlı hüquq müdafiəçisi Sahib Məmmədov bu barədə EDnews-a danışıb.
O hesab edir ki, iş rejimlərinin tənzimlənməsi səhər və axşam saatlarında yaranan “pik saat” probleminin azaldılmasına xidmət etməlidir.
Ekspertin sözlərinə görə, bununla yanaşı, yeni keçidlərin tikilməsi, yolların salınması, ictimai nəqliyyat vasitələrinin artırılması, tramvay xətlərinin çəkilməsi kimi mühüm tədbirlər də paralel şəkildə həyata keçirilməlidir.
Sahib Məmmədovun qənaətincə, Azərbaycanda iş qrafikinin dəyişdirilməsi ilə bağlı bir sıra çətinliklər var.
Onun sözlərinə görə, ictimai nəqliyyat, dəmir yolu, hüquq-mühafizə orqanları, ticarət şəbəkələri və həyati əhəmiyyətli sahələrdə iş rejimini dəyişmək praktik olaraq mümkün deyil.
“Minlərlə kiçik müəssisə var ki, onların 10,20 və ya 50 nəfər işçisi olur. Onlara kim nəzarət edəcək ki, hansı saatda işə başlayırlar və bu qrafikə əməl olunurmu? Bu, çox çətin məsələdir. Ona görə də bu prosesdən böyük effekt gözləmirəm”, - deyə ekspert bildirib.
Bununla belə, Sahib Məmmədov qeyd edib ki, bəzi dövlət orqanları artıq dövlət proqramına uyğun olaraq öz iş qrafikləri ilə bağlı təkliflərini təqdim ediblər. Onun fikrincə, bu addım kompleks tədbirlər çərçivəsində müəyyən nəticə verə bilər.
Ekspertin sözlərinə görə, Bakıda tıxacların yaranmasında ən böyük problemlərdən biri təhsil müəssisələri ilə bağlıdır.
“Səhər və günorta saatlarında şəhərdə tıxacların yaranmasında məktəblər mühüm rol oynayır. Valideynlər uşaqlarını şəxsi avtomobilləri ilə məktəbə gətirir və aparırlar. Bu isə məktəblərin qarşısında sıxlıq yaradır, yolların bağlanmasına səbəb olur”, - deyə o qeyd edib.
Sahib Məmmədov əlavə edib ki, məktəblərin və ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi də asan məsələ deyil. Onun sözlərinə görə, bu, yalnız binaların köçürülməsi ilə məhdudlaşmır, çünki həmin müəssisələrdə çalışan minlərlə müəllim və professor heyəti Bakıda yaşayır.
Ekspert hesab edir ki, problemin kökləri daha dərindir və təkcə iş qrafikinin dəyişdirilməsi ilə tıxacların tam aradan qaldırılması mümkün deyil. Onun fikrincə, məktəblərin yaratdığı nəqliyyat sıxlığı bəzi iş yerlərinin yaratdığı sıxlıqdan daha çoxdur.








