Bu gün, iyunun 12-də Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun şəhid olmasından 34 il ötür.
1992-ci ildə həyatını Vətən uğrunda qurban verən Allahverdi Bağırov təkcə döyüş meydanında deyil, həm də insanlara münasibəti, əsirlərin geri qaytarılması istiqamətində fəaliyyəti və xeyirxahlığı ilə yadda qalıb.
Onun qızı Zümrüd Bağırova EDnews-a müsahibəsində atası ilə bağlı uşaqlıq xatirələrini, ailə içində görünməyən tərəflərini, haqqında səslənən mübahisəli fikirlərə münasibətini və çoxlarının bilmədiyi məqamları bölüşüb.
— Zümrüd xanım, atanız şəhid olanda neçə yaşınız var idi? O günləri necə xatırlayırsınız?
— Mənim 6 yaşım vardı, bacım Aynurun isə 8 yaşı. O yaşda insan çox şeyi tam anlamasa da, atanın yoxluğu uşağın həyatında çox böyük boşluq yaradır.
Uzun illər biz nə baş verdiyini tam anlaya bilmədik. Sadəcə hiss edirdik ki, hər kəsin atası yanındadır, amma bizimki yoxdur. Mən həmişə düşünürdüm ki, nə olur-olsun, kaş sağ olaydı. Hətta uşaq ağlı ilə düşünürdük ki, bir ayağı, bir əli olmasa da, əsas odur yanımızda olaydı.
İllər keçir, insan böyüyür, amma atanın yoxluğu böyümür,olduğu kimi qalır.
Əvvəllər məzarını belə ziyarət edə bilmirdik. İndi gedib məzarını ziyarət etmək bizim üçün həm təsəlli, həm də ağrıdır.
— İnsanların tanıdığı Allahverdi Bağırovla sizin tanıdığınız ata arasında fərq var idi?
— İnsanlar onu daha çox sərt, prinsipial, cəsarətli komandir kimi tanıyır. Amma evdə tamam başqa idi.
Çox qayğıkeş ata idi. Biz yemək yeməmiş o yeməyə oturmazdı. Evə gələndə ilk işi bizimlə maraqlanmaq olardı.
Həmişə çalışırdı ki, uşaqlıq hiss etməyək, qorxmayaq.
Bir maraqlı fakt da odur ki, çox adam bilmir . Ağdam restoranı atama məxsus idi. Amma o restorana heç vaxt yalnız qazanc yeri kimi baxmırdı.
Mən birinci sinifdə oxuyanda sinfimizin uşaqlarının çoxu səhərlər orada yemək yeyirdi. Atam hesab edirdi ki, uşağın məktəbə ac getməsi olmaz.
Biz sonradan anlayırdıq ki, onun üçün paylaşmaq həyat tərzi idi.
— Atanızın insanlara münasibətini göstərən başqa hansı hadisələr yadınızda qalıb?
— Xocalı hadisələri dövründə atamın davranışları bizim yaddaşımızda qalıb.
Bakıya gedəndə bizim paltarlarımızdan, uşaq əşyalarımızdan götürərdi və əsirlikdən geri qaytarılmış uşaqlara aparardı.
Bir dəfə əsirlikdən çıxarılan balaca oğlan uşağı ilə bağlı evdə söhbət olmuşdu. Uşağın valideynləri tapılmamışdı.
Atam hətta demişdi ki, əgər yaxınları tapılmasa, bizdə qalar, bizim ailənin bir üzvü kimi böyüyər.
Sonradan məlum oldu ki, qohumları tapılıb və uşağı aparıblar.
Bu hadisə mənim üçün atamın necə insan olduğunun ən böyük göstəricilərindən biridir.
— Əsirlərlə bağlı fəaliyyəti haqqında evdə nələr danışılırdı?
— Bu, atam üçün çox ağır mövzu idi.
Bəzən evdə danışırdı ki, əsirlikdən qayıdan insanların vəziyyəti çox ağır olurdu.
Xüsusilə qadınlar və qızlarla bağlı hadisələr onu sarsıdırdı. Deyirdi ki, bəzən insanlar o qədər ağır vəziyyətə salınırdı ki, onların ailəyə qaytarılması prosesi belə çox həssas yanaşma tələb edirdi.
Atam bu insanların ləyaqətinin qorunmasına xüsusi diqqət göstərirdi.
Bu gün bəzən kənardan baxıb asan mühakimə edənlər olur. Amma həmin dövrün ağırlığını yaşayanlar vəziyyətin necə çətin olduğunu bilir.
— Son illər sosial mediada atanızla bağlı, xüsusilə Vitali Balasanyan mövzusu ilə bağlı fikirlər səslənir…
— Bu mövzu ailə olaraq bizi həmişə narahat edib. Açıq şəkildə demək istəyirəm ki, atam heç vaxt Vitali ilə dost olmayıb. İnsanlar əsir dəyişdirilməsi prosesini şəxsi münasibətlə qarışdırırlar. Atamın məqsədi yalnız insanları sağ qaytarmaq idi. Bizə ağır gələn odur ki, bəzən onun qəhrəmanlıqları, gördüyü böyük işlər yox, məhz bu mövzular qabardılır.Halbuki o şəhid olandan sonra həmin fəaliyyəti davam etdirən çox az adam oldu.
— Uşaqlıqdan yadınızda qalan ən təsirli xatirə hansıdır?
— Bacım Aynur atam cəbhəyə gedəndə çox narahat olurdu.
Atam da həmişə zarafatla saqqalından bir tük qopardıb ona verərdi.
Deyərdi:
“Əgər gec gəlsəm, bunu yandırın, dərhal gələcəyəm”.
Biz uşaq idik və buna doğrudan inanırdıq.
İndi düşünəndə başa düşürəm ki, bu, onun bizi sakitləşdirmək üsulu idi.
Amma o balaca xatirə bu gün də bizim üçün çox böyük dəyər daşıyır.
— Sonda… Əgər bu gün sizə məktub yazsaydı, ilk cümlə necə olardı?
— Düşünürəm ki, yenə də həmişə dediyi kimi başlayardı:
“Can balalarım… narahat olmayın… Mən qayıdacağam…”







