Ümumdünya Səhiyyə Təşkilatı Avropanın qarşıdakı həftələrdə daha təhlükəli və ölümcül isti dalğaları ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
EDnews xəbər verir ki, buna səbəb Atlantik okeanı üzərində yeni istilik dalğasının formalaşmasıdır.
ÜST-ün Avropa üzrə direktoru Hans Kluge məsələ ilə bağlı 41 ölkənin nümayəndələri ilə təcili görüş keçirib. Görüşdə son isti dalğalarının nəticələri və gələcəkdə mümkün ölümcül istilərə hazırlıq tədbirləri müzakirə olunub.
Kluge bildirib ki, səhiyyə fəaliyyət planlarına malik ölkələr iyun ayında müşahidə olunan isti dalğası zamanı daha çevik reaksiya verib və əhalini daha effektiv qoruyublar.
Onun sözlərinə görə, Avropadakı ÜST üzv dövlətlərinin yarısından azında belə planlar mövcuddur.
“İndi iki istiqamətdə işləməliyik: növbəti isti dalğası gəlməzdən əvvəl son həftələrdə üzə çıxan çatışmazlıqları aradan qaldırmalı və yalnız həddindən artıq istiyə reaksiya verən deyil, həm də ona hazır olan səhiyyə sistemləri qurmalıyıq”, — deyə Kluge qeyd edib.
Mütəxəssislərin sözlərinə görə, 20-28 iyun tarixləri arasında Avropada qeydə alınan isti dalğası son illərin ən şiddətli hadisələrindən biri olub. İstilər enerji istehsalında fasilələrə, infrastruktura ziyan dəyməsinə və səhiyyə sistemlərinin yüklənməsinə səbəb olub.
Yaxın günlərdə Portuqaliyanın cənubunda və İspaniyada havanın temperaturunun 43 dərəcəyə qədər yüksələcəyi gözlənilir.
Fransa, Niderland və Belçikada isti hava ilə əlaqədar 1700-dən çox ölüm halının qeydə alındığı bildirilir. Rəsmilər bu rəqəmlərin ilkin olduğunu və arta biləcəyini istisna etmirlər.






