Ölüm bioloji proses olsa da, bunu yalnız canlı oqanizmin məhvi nəticəsində torpağa qarışması adlandırmaq olmaz. Ölüm həqiqi mənasıyla yanaşı digər mənaları da özündə daşıyır. Ürəyin dayanması, beynin fəaliyyətdən qalması və ya hər hansı orqanın öz funksiyasını itirməsiylə ölüm gerçəkləşmir. Onun daha dəhşətli forması da var. Buna mənəvi ölüm –ruhun ölməsi deyilir. Baxdığın zaman hansı daha qəbulolunandır? Ölüm ölümdür nə fərqi var?
Əslində, doğrudur, ölüm “məhv” deməkdir, son nəticədə onun qəbulolunan olması təzaddır. Amma müqayisə edərsək, həqiqətdə hansının daha əzabverici olduğunu o zaman görərik. Fiziki ölüm ölən şəxsi incitməz, yəni onun maddi ağrısı yalnızca ölüm anına qədərdir, sonrakı mərhələlərdə həmin şəxsi yox, onun ən yaxın, doğmalarını narahat edir. Sonrakı həyatı məhz onlarçün çətinləşdirib yaşamı ağırlaşıdırır. Mənəvi ölümdəsə vəziyyət belə deyil. Nə qədər fiziki anlamda sağlam, problemsiz olsa da, insan mənəvi ölümlə nəticələnəcək hadisələr və şəxslərlə qarşılaşıbsa, bu onun cismani ölümlündən o qədər də fərqlənmir. Yəni, həmin an üçün də “həyatın dayanması” demək olar. Həyat, əzabsız yaşanılarsa gözəldir, digər hallarda bu yaşamaq yox, “göz görə-görə çürümək” hesab olunur. Anbaan içindən məhv olmaq bütün həyat fəaliyyətindən geri qalmaq, hər şeydən və hamıdan ümidsiz, əlini üzmək ölüm adlanmasın, nə olsun bəs?!
Fransız yazıçısı Gi de Mopassan deyirdi ki, “Həyatı dəyərli edən qarşılaşdığımız həyatlardır”. Mopassan haqlıdır, lakin bir də görürsən əksinə, zaman yaşamaq haqqını əlindən almağa çalışan həyatlarla qarşılaşdırır insanı.
Psixoloji zorakalıq tarixən görülən ən dəhşətli zorakılıq növüdür . Sözlə təsir etmə, hərəkətlə məhv etmə, münasibətlə öldürmək insanı. Prosesdə heç bir maddi alət iştirak etmir, amma nəticəsi digərindən daha ürpədici olur. Nə şahid var, nə sübut, nə qan, nə bir yara izi, amma fəsadı, dağıntısı, nəticəsi bir ömür insanla yanaşı paralel şəkildə irəliləyir. Həyat davam edir, hadisələr bir-birini əvəzləyir, zaman ötür, amma o dağıntı heç nəyə baxmayaraq həmişə var, həmişə olacaq ...
Kimi sözüylə, kimi davranışıyla, kimi də həyatıyla insana təsir edər. Düzdür, insan yanında olanlarla yaşayır, problemlərin, çıxılmazların, həyatın öhdəsindən onların köməyiylə gələ bilir. Amma elə həyatlar da var ki, varlığı əzab verir, yalnız qıcıqlandırmağa xidmət edir, ondan heç bir müsbət nəticə əldə etmək olmur. Bu zorakılıq növü elə qəlizindəndir ki, bu zaman kimə müraciət edəcəyini bilmir insan.
Qanunvericiliyimizdə psixi zorakılıqla bağlı ayrı-ayrılıqda görülmüş tədbir, Cinayət Məcəlləsində psixi zorakılığın qarşısının alınmasına yönələn cəzanı nəzərdə tutan maddə də yoxdur. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun məqsədləri üçün psixi zorakılıq dedikdə “Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər” nəzərdə tutulur. Cinayət Məcəlləsinin 125-ci maddəsində (Özünü öldürmə həddinə çatdırma) göstərilən “Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma”müddəanı bu halda tətbiq etmək mümkündür. Lakin bu yalnız o halda mümükündür ki, qurban özünə qəsd etmiş olsun.
Dünyada isə bununla bağlı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin vəsaiti ilə Kaunterpart İnternational təşkilatı tərəfindən maliyyələşdirilən “Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə İctimai vəkillik kampaniyası“ layihəsi həyata keçirilib.
Zənnimcə qanunvericilikdə bununla bağlı əsaslı maddələr yer alsaydı belə insanın mənəvi fəsadını ödəyəcək heç nə yoxdu həyatda. Ya gərək o fəsad olmasın, ya da əgər varsa, onunla barışmağı bacarmalıdır insan, başqa hansısa şəkildə qarşsını ala biləcək üsul görmürəm mən.
Tanrı insana hər kəsdən təsirlənəcək zəif iradəni verməsin, əgər bu xarakterik məsələdirsə, o kəsin həyatdan küsməməsi, ruhdan düşməməyi inanılmaz olardı.
Tanrı hər kəsi yüksək səbrlə mükafatlandırsın!
Aynur Ələsgərova