Braziliya millisinin sabiq futbolçusu, ikiqat dünya çempionu Ronaldo komandanın Dünya Kubokunun 1/8 final mərhələsində Norveçə məğlub olmasına münasibət bildirib.
EDnews xəbər verir ki, Ronaldo “AS” qəzetinə açıqlamasında Braziliya millisinin baş məşqçisi Karlo Ançelottini komandanın turnirdən kənarlaşdırılmasında əsas günahkarlardan biri hesab etdiyini deyib.
Onun sözlərinə görə, Ançelotti futbol tarixinin ən böyük məşqçilərindən biri olsa da, Norveçlə oyunda ciddi səhvlərə yol verib.
“Karlo Ançelotti futbol tarixinin ən böyük məşqçilərindən biridir, amma bu gecə o, çoxlu səhv etdi. Hələ də Joao Pedronun Dünya Kuboku heyətində niyə olmadığını başa düşə bilmirəm. O, müstəsna mövsüm keçirmişdi, yaxşı formada idi və Braziliyanın fərqli oyun təklif edə biləcək hücumçuya ehtiyacı var idi”, - deyə Ronaldo bildirib.
Sabiq hücumçu Endrikin də turnirdə az oynadılmasını tənqid edib. O qeyd edib ki, Endrik hər dəfə meydana çıxanda komandaya enerji, aqressivlik və gözlənilməzlik qatırdı, lakin buna baxmayaraq, Dünya Kubokunun böyük hissəsini ehtiyat oyunçular skamyasında keçirdi.
Ronaldo Braziliyanın uğursuz çıxışında “Real Madrid”in hücumçusu Vinisius Juniorun da məsuliyyət daşıdığını bildirib.
“Hamımız onun nə qədər istedadlı olduğunu bilirik, amma bu Dünya Kuboku onun üçün yaxşı keçmədi. O, klub futbolunda gördüyümüz oyunçunu göstərə bilmədi. Norveç qalib gəlməyə layiq idi, amma Braziliya matç başlamazdan əvvəl etdiyi səhvlərlə rəqibinə kömək etdi”, — deyə Ronaldo əlavə edib.
Qeyd edək ki, Braziliya millisi 1/8 final mərhələsində Norveçə 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Bununla da Braziliya yığması 36 ildən sonra ilk dəfə Dünya Kubokunun dörddəbir final mərhələsinə yüksələ bilməyib.
Aytac | EDnews







