İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli istiqamətində razılıq əldə olunmayıb.
“EDnews” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi "X" hesabında yazıb.
“Razılaşmanın əldə edildiyini söyləyə bilmərəm. İran bütün tərəflərin maraqlarına cavab verən diplomatik həllə səmimi şəkildə can atır. Lakin bu, yalnız bütün sanksiyaların tam şəkildə aradan qaldırılması və İranın sülhməramlı atom proqramı, o cümlədən uranın zənginləşdirilməsi hüququnun qorunması ilə mümkün ola bilər. Bu məqsədə çatmaq üçün yol mediadan deyil, birbaşa danışıqlardan keçir,” – deyə Araqçi qeyd edib.
Bir neçə gün öncə "CNN" telekanalı Vaşinqtonla Tehran arasında yaxın zamanda nüvə proqramı üzrə razılaşma imzalana biləcəyini iddia etmişdi.