Polşa Prezidenti Karol Navrotski NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbət edib.
EDnews xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Navrotski sammitin plenar iclasından əvvəl jurnalistlərə açıqlamasında Zelenski ilə “nəzakətli söhbət” apardığını bildirib.
Polşa lideri qeyd edib ki, Varşava ilə Kiyev arasında münasibətlərdə mövcud gərginliklə bağlı mövqeyi dəyişməz olaraq qalır. Onun sözlərinə görə, Polşa və ümumilikdə Avropa Ukrayna Üsyançı Ordusu ilə bağlı istinadları qəbul edə bilməz.
Bununla belə, Navrotski vurğulayıb ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, Polşa və Ukrayna arasında dialoq davam etməlidir.
“Bu, dialoqumuzu istisna etmir. Diplomatiya dünyasında bu, aydın məsələdir. Biz dialoqu davam etdiririk”, - deyə Polşa Prezidenti bildirib.
Qeyd edək ki, Varşava və Kiyev arasında yeni gərginlik mayın sonunda Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə UPA ilə bağlı ad verməsindən sonra yaranıb. Buna cavab olaraq Polşa lideri Zelenskini ölkənin ali dövlət mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edib.
Zelenski isə öz növbəsində Ukraynanın bərpasına dair Qdanskda keçiriləcək beynəlxalq konfransda iştirakdan imtina edib və Ukrayna qəhrəmanları panteonunun yaradılacağını açıqlayıb.








