Ankarada keçirilən tarixi NATO Zirvə Toplantısı başa çatıb.
EDnews axəbər verir ki, sammitin yekununda çıxış edən ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib və zirvənin yüksək səviyyədə təşkil olunduğunu bildirib.
“Ərdoğan çox güclü liderdir. Gördüyümüz hər şey möhtəşəm idi. Təşəkkür edirəm, Ərdoğan”, - deyə ABŞ Prezidenti qeyd edib.
Tramp çıxışında Ankara sammitinin uğurla başa çatdığını vurğulayıb:
“Zirvə görüşü çox uğurlu keçdi. Prezident Ərdoğana təşəkkür edirəm, o, gözəl insandır. Hava limanı çox gözəl idi. Prezident Ərdoğan Türkiyədə əla iş görüb”.
ABŞ lideri NATO-nun Baş katibi Mark Rutteyə də təşəkkür edib. Onun sözlərinə görə, Rutte güclü xarakterə malik siyasətçidir və alyans çərçivəsində mühüm işlər görüb.
Tramp çıxışında ABŞ-ın müdafiə imkanlarına da toxunub. O bildirib ki, Vaşinqton son 18 ayda müdafiə xərclərini tarixi səviyyədə artırıb və NATO daxilində ən böyük töhfə verən ölkə olaraq qalacaq.
“ABŞ-ın NATO-dakı rolu ən böyük töhfə verən rol olaraq qalacaq. Müdafiəmiz çox güclüdür, heç bir ölkə bizə yaxınlaşa bilməz”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti NATO ölkələrinin müdafiə xərcləri ilə bağlı öhdəliklərinə də diqqət çəkib. Onun sözlərinə görə, bəzi ölkələr hələ 5 faizlik həddə çatmasa da, nəticədə bütün müttəfiqlər bu çağırışa cavab verəcəklər.
Tramp sammit zalında böyük birlik və həmrəylik ab-havasının olduğunu da qeyd edib:
“Kaş ki, zaldakı hörməti və sevgini görə biləydiniz. Orada inanılmaz birlik var idi. İstəyirəm ki, bütün ölkələr öz planlarını həyata keçirsinlər”.








