Cənubi Koreyanın əsas fond indeksi KOSPI süni intellekt və yarımkeçirici şirkətlərinin səhmləri hesabına rekord yüksəlişdən sonra “ayı bazarı”na daxil olub.
EDnews "Reuters"ə istinadən xəbər verir ki, indeks iyunun sonundakı 9 114,55 ballıq rekord bağlanışla müqayisədə təxminən 25 faiz ucuzlaşaraq 7 000 baldan aşağı düşüb.
Buna baxmayaraq, KOSPI ilin əvvəlindən təxminən 60 faiz bahalaşmaqla dünyanın ən yaxşı nəticə göstərən əsas fond bazarlarından biri olaraq qalır.
Bazarda baş verən kəskin dalğalanmaların əsas səbəbləri sırasında investorların borc vəsaitləri hesabına səhmlər alması, eləcə də indeksin “Samsung Electronics” və “SK Hynix” kimi iki böyük çip istehsalçısından həddindən artıq asılı olması göstərilir. Bu şirkətlər birlikdə KOSPI-nin ümumi dəyərinin yarıdan çoxunu təşkil edir.
Son günlər “SK Hynix” səhmlərinin Seul birjasında 14 faiz, şirkətə bağlı ikiqat leverajlı ETF-lərin isə Honkonqda 30 faizdən çox ucuzlaşması satışları daha da sürətləndirib.
Cənubi Koreyanın maliyyə tənzimləyiciləri leverajlı investisiya məhsullarının bazarda dəyişkənliyi artırmasından narahat olduqlarını və zərurət yaranacağı təqdirdə onların reklamı və satışı ilə bağlı araşdırma aparacaqlarını bildiriblər.
Xarici investorların bu il Cənubi Koreya səhmlərindən təxminən 110 milyard dollar çıxarması fonunda bazardakı əsas alış yükü yerli pərakəndə investorların üzərinə düşüb. Onların marja kreditləri hesabına yatırımları iyunun 24-də rekord həddə- 29,8 trilyon vona çatıb.
Ekspertlər çip istehsalçılarının yüksək gəlir potensialını qoruduğunu bildirsələr də, leverajlı investisiyaların bazarda daha sərt enişlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.






