Yaxın Şərqdə günü-gündən güclənən Türkiyə Cumhuriyyəti nüfuz dairəsini də hər keçən gün daha da artırmaqdadır. Yaxın Şərqdə olduqca aktiv olan Türkiyə bu region kənarında da olduqca aktivdir. Türkiyənin maraq dairəsində olan regionlardan biri də dünya dövlətlərinin 3-cu dünya ölkələri adlandırdığı Afrika regionudur.
Əslinə baxsaq, Afrikayla Türkiyəni bağlayan tarixi bir keçmiş mövcuddur. Osmanlı imperiyası 1517-ci ildə Misiri ələ keçirməsiylə, Hind Okeanı, Qırmızı dəniz və Aralıq dənizində avropalılarla siyasi bir rəqabətə girdi. Əlcəzair 1516-1848, Tunis 1574-1881, Tripoli 1551-1912, Misir 1617-1882 və Həbəşistan 1555-1916-cı illər ərzində Osmanlı hakimiyyəti altında olmuş və bu bölgələr birbaşa İstanbuldan göndərilən valilərlə idarə edilirdi. Osmanlı hakimiyyəti illərində Afrika regionu inkişaf edir, zənginləşirdi.
19-cu əsrdən Avropalılar qarşısında güc itirən Osmanlı imperiyası Afrikadakı nüfuzunu da itirməyə başladı. Tədricən Britaniya, Fransa, Portuqaliya, İtaliya, Almaniya arasında bölüşülən Afrika yarım əsrdən çox bu ölkələrin ərazisini talayıb və hazırki vəziyyətə gəlməsinin ən böyük səbəbkarlarıdır.
Türkiyə uzun müddət Afrika regionundan uzaq qaldı. Hakimiyətdə olan rəhbərlər də bu regiondan uzaq siyasət yeritməklə əlaqələrin qopmasına səbəb oldu. Tam dəqiq desək, bu vəziyyət Türkiyə Respublikasının qurulmasından 1998-ci ilə qədər uzanan zaman aralığını əhatə edir. Bu dövrdə Afrika ölkələri ilə olan münasibətlər, Soyuq müharibə və ölkənin siyasi və iqtisadi imkanları ilə müəyyənləşdirilmiş siyasətlər səbəbindən aşağı səviyyədə qalmışdır. Digər tərəfdən, Türkiyə İkinci Dünya müharibəsindən dərhal sonra Afrika ölkələrinin müstəqilliklərini qazanmaları zamanı onları aktiv şəkildə dəstəkləmiş; qitədə 10-dan çox səfirlik açmışdır. Bir çox Afrika ölkəsi, müstəqillik uğrunda mübarizə dövründə Türkiyə Respublikasını demokratik təşkilatların qurulması kimi məsələlərdə nümunə götürüb.
Türkiyə rəsmi olaraq, Afrika regionuna marağı 1998-2012 illər ərzində göstərməyə başlayıb. 1998-ci ildə Afrika Fəaliyyət Planının qəbul edilməsi ilə Türkiyənin Afrikaya marağı artdı. Ticarət həcmini artırmaq üçün təşviqatın aparılması və yeni tədbirlər tətbiq edilməyə başlandı. Bu müddətdə "Afrika ölkələri ilə iqtisadi əlaqələrin inkişaf strategiyası" hazırlanıb. Hətta 2005-ci il "Afrika ili" elan edildi il yeni səfirliklərin açılması planlaşdırılmış və nəhayət 2008-ci ildə Türkiyə-Afrika Əməkdaşlıq Zirvəsinin keçirilməsiylə əlaqələrdə yeni bir dövr başlandı. Ümumi şəkildə desək, Türkiyə 1998-2012 ci illər ərzində Afrika ölkələrindəki potensialı və iqtisadi imkanları öyrənib bu aralıqda da sosial planlarla regiona daxil olub. Afrikada Türk məktəb, kollec, hətta universitetlərin açılması Türkiyənin regionda əl-qolunu açılmasına gətirib çixardı. 2010-ci ildə qəbul edilən "Afrika Strateji Sənədi" nin tətbiq olunmağa başlamasıyla da, Türkiyənin Afrika analizi tamamlanmış və əlaqələrin hər sahədə dərinləşməsi və çoxşaxəli olması "Türkiyə-Afrika Tərəfdaşlığı" şəklində formalaşıb.
Bu gün Türkiyə Afrikada çox aktiv iqtisadi, sosial və hərbi siyasət yeritməkdədir. Bu məzmunda, Rəcəb Tayyib Ərdoğan 21-24 Yanvar 2015 tarixləri arasında Efiopiya, Somali və Cibuti, 28 fevraldan 3 mart 2016-dək Fil Dişi Sahili, Qana, Nigeriya və Qvineya, 1-3 iyun 2016-cı il tarixlərində Uqanda, Keniya və Somalidə 22-25 yanvar 2017-ci ildə Tanzaniya, Mozambik və Madaqaskara səfərlər etmişdir.
Ümumilikdə Rəcəb Tayyib Ərdoğan, baş nazir və prezidentlik dövründə 28 Afrika ölkəsini ziyarət edib. İnkişaf etməkdə olan ölkələrin əhəmiyyətli ticarət ortaqlarından olmağa başlayan və dünya ticarətində əhəmiyyəti getdikcə artan Afrika ölkələri ilə Türkiyə arasındakı iqtisadi və diplomatik əlaqələrin sıxlıq qazandığı 2012-2016 illəri arasında əhəmiyyətli uğurlar da əldə edilib..
Bu dövrdə kontinental ölkələrə ümumi ixrac 65 milyard dollar, xarici ticarət həcmi 93,5 milyard dollar təşkil edib. Afrika ilə Türkiyənin illik ticarət həcmi 2004-ci ildə 5,6 milyard dollar ikən, bu rəqəm keçən il təxminən yüzdə 200'lük artımla 16,7 milyard dollara yüksəldi. Afrika Təşəbbüsü Siyasətinin 15 ildir müvəffəqiyyətlə keçdiyi və 2017-ci ilə qədər hər keçən gün dərin bir ortaqlıq halına gəldiyi ifadə edilir.
Yuxarıda göstərdiyim nüanslardan əlavə bu gün Türkiyənin Afrikada apardığı xarici siyasət hərbi və strateji bir hala gəlib. Xüsusən bu siyasətin ən bariz nümunəsi kimi Türkiyənin Sudanda icarəyə aldığı Savakin adası və Somalidə yerləşən kiçik hərbi bazasından hazırladığı Somali ordusunu göstərmək olar.
1. Savakin adasının Türkiyə üçün əhəmiyyəti nədir?
Əvvəla onu deyim ki, Savakin adası 1-ci dünya muharibəsindən sonra Lozanna konfransında Misirə verildi. Daha sonra Sudana verilən ada strateji və iqtisadi əhəmiyyət daşıyırdı. Qırmızı dənizdə Sudanın şimali şərqində yerləşən ada iqtisadi cəhətdən əhəmiyyətlidir. Bu ada uzun müddət İpək yolunun Hind okeanından Misirə, oradan isə Avropaya getməsində tranzit rol oynayırdı. Məhz Türkiyə Prezidenti Rəcəp Taib Ərdoğanın Sudan səfəri zamanı adanın Türkiyəyə icarəyə verilməsi olduqca müsbət qarşılandı. Bu adanın strateji olması xüsusən, Ərəbistana olan yaxınlığı onu önəmli edir. Ancaq məncə bunlardan əlavə Savakini əsas önəmli edən səbəb gələcəkdə Çinin gerçəkləşdirmək istədiyi İpək yolun bərpası layihəsidir. Türkiyə onsuz da yerləşdiyi geosiyasi bölgə ilə bu layihədə böyük gəlir əldə edə biləcək bir ölkədir. Savakin adası isə gələcəkdə Çindən Hind okeanı vasitəsilə Qırmızı dənizə gələcək xəttin tranzit mərkəzi olacaq. Adanın Türkiyədə olması isə Türkiyənin həm Afrikada təsirinin, həm Ərəb ölkələrinə nəzarəti, həm də gələcəkdə İpək yolunun buradan keçən qolunun nəzarəti baxımından çox önəmlidir.
2. Türkiyənin Somalidəki hərbi bazası və Somali ordusu
Əvvəla, onu qeyd edim ki, Somaliyə iki dəfə prezident və bir dəfə baş nazir kimi rəsmi səfər edən Rəcəb Tayyib Ərdoğan G20 liderləri arasında bu ölkəyə səfər edən yeganə liderdir. Somaliyə humanitar yardım edən və iqtisadi dəstək verən Türkiyə bir müddətdir ki, ölkədə açılacaq hərbi təhsil düşərgəsi ilə diqqət çəkir. Somalidən məsul Dövlət naziri Məhəmməd Əli Haqa, ilk dəfə olaraq Türk hökumətinin Somali ordusuna silah verdiyini təsdiqləmişdi.
Türkiyə, az inkişaf etmiş ölkələrə hər il təxminən 2,5 milyard dollarlıq inkişaf köməyi edir. Somali son dörd ildə ən çox bu yardımı alan ilk üç ölkədən biridir.
Ərdoğan son beş ildə Somalinin dövlət büdcəsinə 370 milyon dollar və QHT və birliklərə 130 milyon dollarlıq yardım edib. Özəl sektora isə 100 milyon dollarlıq yardım göstərilib.
Moqadişuda səfirlik yaxınlığında bir dəniz bazasının qurulması və şəhərdə ilk dəfə olaraq şəhər nəqliyyatının yaradılması, İstanbul Bələdiyyəsi tərəfindən verilən 30 avtobusla bərabər atılan yeni addımlardan biridir.
Şərqi Afrikanın ən böyük xəstəxanası olan Türk-Somali Təhsil və Araşdırma Xəstəxanası də Türkiyənin köməyilə 2015-ci ildə paytaxt Mogadişuda açıldı.
Belə düşünürəm ki, Sudan və Somaliyə olan maraq Türkiyənin eyni uzaqgörən siyasətinin bəhrəsidir. Yəni yuxarida qeyd etdiyim Savakin adası gələcəkdə olduqca dəyərli bir hala gələcək, lakin ada ve burdan keçən tranzit dəniz nəqliyatı Somalidən olduqca aslıdır. Çünki Somali bu tranzit ticarətdə həm muvəqqəti dayanacaq, həm də ən təhlukəli bölgə hesab olunur. Yəni Savakinə gəlmədən ticari gəmilər Somalidə dincəlmək fürsəti əldə edəcək. Bu məqsədlə Türkiyə Somalidə iqtisadi inkisafi təmin etməlidir .Bundan öncə isə Somalidə siyasi-sosial stabilliyi bərqarar etmək lazimdır. Məhz bu məqsədlə Türkiyə Somaliyə maraq göstərir və bu ölkənin hər mənada inkisafına nail olmağa çalışır. Sonda isə onu deyim ki, Türkiyə Ərdoğan rəhbərliyi dövründə uğurlu və çox uzaqgörən siyasət aparır və əgər reallaşsa Türkiyə iqtisadi, hərbi və sosial baxımdan çox güclü bir ölkə halına gələcək.
Turan Rzayev,
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti