"Ankarada bu gün başlayan və sabah da davam edəcək NATO Liderlər Zirvəsi son illərin ən mühüm təhlükəsizlik toplantılarından biri kimi diqqət çəkir. Zirvənin əsas gündəliyini Rusiya-Ukrayna müharibəsi, Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi, müdafiə xərclərinin artırılması, müdafiə sənayesində birgə istehsal və yeni nəsil təhlükəsizlik təhdidləri təşkil edir.
Liderlərin NATO ölkələrinin 2035-ci ilə qədər müdafiəyə ümumi daxili məhsullarının 5 faizinə qədər vəsait ayırması, birgə müdafiə sənayesi layihələrinin sürətləndirilməsi və Alyansın çəkindirici gücünün artırılması məsələlərini müzakirə edəcəyi gözlənilir. Bundan başqa, Ukraynaya uzunmüddətli hərbi və iqtisadi dəstəyin davam etdirilməsi, hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıq da masadakı əsas mövzular sırasındadır".
Bu fikirləri türkiyəli jurnalist, siyasi şərhçi Mevlüt Yeni EDnews-a danışarkən qeyd edib.
O, bildirib ki, sözügedən zirvə, Türkiyə baxımından həm diplomatik, həm də strateji əhəmiyyət daşıyır:

"Prezident Rəcəb Tayyib Ərdoğan bir sıra liderlərlə ikitərəfli görüşlər keçirərək regional təhlükəsizlik, terrorla mübarizə, müdafiə sənayesi sahəsində əməkdaşlıq və Türkiyənin NATO daxilindəki rolunu müzakirə edəcək. Ev sahibi ölkə kimi Türkiyə müdafiə sənayesindəki potensialını və regional diplomatiya imkanlarını beynəlxalq ictimaiyyətə nümayiş etdirmək fürsəti əldə edir.
Zirvənin dünya və Avropa üçün əsas nəticələrinin NATO daxilində birlik və həmrəyliyin gücləndirilməsi, Avropanın müdafiə imkanlarının artırılması, Ukraynaya dəstəyin davam etdirilməsi, birgə müdafiə sənayesi investisiyalarının sürətləndirilməsi və qlobal təhlükəsizlik risklərinə qarşı daha koordinasiyalı fəaliyyət mexanizmlərinin formalaşdırılması istiqamətində olacağı gözlənilir. Ekspertlər hesab edirlər ki, Ankara Zirvəsində qəbul ediləcək qərarlar qarşıdakı illərdə Avropanın təhlükəsizlik arxitekturasını formalaşdıracaq mühüm addımlardan biri olacaq".
O, bildirib ki, Ankaradakı bu zirvə NATO-nun sadəcə 32 üzvdən ibarət hərbi alyans olmadığını, eyni zamanda qlobal təhlükəsizlik tərəfdaşları ilə də əməkdaşlıq etdiyini göstərir. NATO üzvü olmayan, lakin Ankaraya dəvət edilən ölkələrin əsas məqsədlərini bir neçə istiqamətdə ümumiləşdirmək olar:
"Yaponiya və Cənubi Koreya NATO-nun Hind-Sakit okean regionundakı tərəfdaşlarıdır. Bu ölkələr Çinin artan hərbi gücü, Şimali Koreyanın raket və nüvə proqramı, eləcə də Rusiya-Çin yaxınlaşması fonunda NATO ilə kəşfiyyat məlumatlarının paylaşılması, kibertəhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığı genişləndirməyi hədəfləyirlər".
Suriyanın dəvət olunmasına gəlincə isə siyasi şərhçi vurğulayıb ki, burada əsas səbəb, bu ölkənin NATO üzvü olması deyil, Yaxın Şərqdə baş verən təhlükəsizlik prosesləridir. Suriyada sabitliyin təmin edilməsi, terror təşkilatları ilə mübarizə, qeyri-qanuni miqrasiyanın nəzarətə götürülməsi və İŞİD təhlükəsinin yenidən ortaya çıxmasının qarşısının alınması kimi məsələlər müzakirə mövzuları sırasındadır. Türkiyənin sərhəd təhlükəsizliyi də bu danışıqların mühüm başlıqlarından biridir".
Aytac Kərimova | EDnews
.jpg)






