Bu gün, yəni iyunun 29-da Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” başlanıb. Tədbirin açılışında türk dövlətlərinin başçılarının iştirakçılara müraciətləri səsləndirilib. Eyni zamanda, bir çox önəmli mədəniyyət və siyasi xadimlər bu tədbirdə iştirak ediblər. Türk dövlətlərinin yuxarıda bəhs etdiyimiz tədbirə xüsusi maraq göstərmələri isə insanların ağlında bir sual doğurur: “Birinci Türkoloji Qurultayın hələ də aktual olmasının səbəbləri nələrdir?”
Bu sualı cavablandırmaq üçün biz Birinci Türkoloji Qurultayın mahiyyətini aydın şəkildə bilməliyik. 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultay türk dünyasının ortaq dil və mədəniyyət düşüncəsinin formalaşmasında mühüm rol oynamış bir hadisədir. Bəhs etdiyimiz dövrdə dünya üzərində müxtəlif irq, din və dil əsasında formalaşmış qütblər mövcud idi. Buna baxmayaraq, müxtəlif xarici qüvvələrin yaratdıqları maneələr türklərin qruplaşaraq mədəni, iqtisadi və siyasi bir qütb yaratmalarına əngəl təşkil edirdi. Məhz Birinci Türkoloji Qurultay da Sovet hökumətinin sonrakı siyasəti nəticəsində davamını gətirə bilməmişdir.
Bu gün isə Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər, o cümlədən “Türk Dünyası Həftəsi” yüksək səviyyədə keçirilir. Türk Dövlətləri Təşkilatının formalaşması, şübhəsiz, bu cür tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Bu gün türk dövlətləri tarix boyu heç olmadıqları dərəcədə bir-birləri ilə yaxın əlaqələrə sahibdirlər. Artıq indiki beynəlxalq münasibətlər çərçivəsində türk dövlətləri öz qütblərini yaratmağa doğru irəliləyirlər. Bu, sadəcə Türk Dövlətləri Təşkilatının deyil, buraya daxil olan dövlətlərin də beynəlxalq arenadakı mövqelərini yüksəldəcəkdir.
Mövzuya hərtərəfli baxıldıqda rahatlıqla söyləyə bilərik ki, bu gün təmtəraqlı şəkildə başlanan və Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” türk dövlətlərinin tarixi bir arzusu və hədəfi idi. Məhz bu böyük arzunun Azərbaycanda keçirilməsi ölkəmizin Türk Dövlətləri Təşkilatındakı mühüm mövqeyini əks etdirməkdədir.

(Nicat Mədətli (Nejat Madatoğlu),Yazıçı, tarixçi və beynəlxalq əlaqələr üzrə mütəxəssis)




.png)


