İsraildə “erməni soyqırımı” məsələsinin yenidən gündəmə gəlməsi regionda yeni müzakirələrə səbəb odu.
Tanınmış siyasi xadim, politoloq Eldar Namazov EDnews-a müsahibəsində İsrailin “erməni soyqırımı” məsələsini gündəmə gətirməsinin arxasında siyasi səbəblərin dayandığını bildirib.

Onun sözlərinə görə, bunun əsas səbəbi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında son dövrlərdə dərinləşən siyasi qarşıdurmadır.
“Ərdoğan və Netanyahu bir-birilərinə qarşı açıq şəkildə sərt bəyanatlar verirlər. Ərdoğan İsraili Qəzza zolağında soyqırımı törətməkdə ittiham edir. Buna cavab olaraq isə İsrail tərəfdə Ermənistanın qondarma “soyqırımı”nın tanınması təşəbbüsləri yenidən gündəmə gətirilir. Bu, iki ölkə rəhbəri arasında yaranmış şəxsi ədavət və siyasi qarşıdurmanın nəticəsidir”.
Politoloq qeyd edib ki, Azərbaycan bu məsələ ilə bağlı öz qəti mövqeyini İsrail tərəfinə çatdırıb.
“Qərarın qəbul olunması Azərbaycan üçün də ciddi problemlər yaradır. Qondarma “Erməni soyqırımı” məsələsinin yenidən gündəmə gətirilməsi ölkəmizin maraqlarına toxunan həssas məsələdir. Biz İsrail tərəfinə bunun mümkün nəticələrini izah etməyə çalışdıq. Xarici İşlər Nazirliyi öz bəyanatını verdi, mən də İsrail televiziya kanallarında çıxış edərək Azərbaycanın narahatlığını izah etdim”.
Eldar Namazov vurğulayıb ki, belə addımlar Azərbaycan-Ermənistan sülh prosesinə də mənfi təsir göstərir.
“Hazırda Ermənistanda bu məsələ ətrafında ciddi daxili siyasi mübarizə gedir. Müxalifət Baş nazir Nikol Paşinyanı ittiham edir ki, o, “soyqırımı” məsələsini arxa plana keçirib. Paşinyan isə bildirir ki, prioritet sərhədlərin açılması və Azərbaycanla sülh sazişinin imzalanmasıdır. Belə bir vaxtda bu cür qərarların gündəmə gətirilməsi Ermənistanda radikal qüvvələri gücləndirir və sülh prosesinə ciddi zərbə vurur”.
Politoloqun sözlərinə görə, aparılan izahat və diplomatik təmaslardan sonra İsrail tərəfi Azərbaycanın narahatlığını nəzərə almağa başlayıb.







