Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər fərdi sahibkarlar müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməli olacaqlar.Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünki iclasında müzakirəyə çıxarılıb.
EDnews xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik olunması təklif edilir.
İclasda bildirilib ki, qanun layihəsi Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyaların həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə iflas proseduru başlanılmış şirkətlər və fərdi sahibkarlar barədə məlumatların müvafiq olaraq hüquqi şəxslərin dövlət reyestrində və vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması məqsədilə hazırlanıb.
Qeyd olunub ki, qanun layihəsinin qəbul edilməsi nəticəsində barəsində iflas proseduru başlanılmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması, hüquqi şəxslər barədə məlumatların isə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması ilə bağlı məsələlər tənzimlənəcək, eləcə də iflas proseduruna məruz qalmış subyektlərin və digər şəxslərin hüquqlarının qorunması istiqamətində müsbət nəticələr əldə olunacaqdır.
Mədinə Məmmədova//Ednews