“Əvvəlki illə müqayisədə Socar mavi qazın hasilatını 6,7% artırıb. Hasilat artırsa gəlirlər də artıb demək. Buna əsasən də kommunal xərclərin də qiyməti aşağı salınmalıdır”.
Bu sözləri Ednews-a iqtisadçı-ekspert Günay Hüseynova Azərbaycanda qazın qiyməti ilə bağlı fikir bildirərkən deyib. O, qeyd edib ki, qış mövsümü ilə bağlı mavi yanacağın istifadəsi artır. Buna bağlı olaraq da limit də artır.
“Ümumiyyətlə, tətbiq edilən limitlə istifadə olunan sərfiyyat irrasionaldır və bununla bərabər hər kub metrə düşən qiymət yüksəkdir. İqtisadi əsaslara əsasən demək olar ki, Azərbaycanda yetərincə qaz yataqları var. Həmçinin də əhalinin tələbatına bağlı olaraq hasilat artırıla bilər, nəinki aşağı limit və qiymət artımına getmək. Ümumiyyətlə kommunal xərclər əhalinin aylıq gəlirlərinin 10% ni keçməməlidir. Minimum əməkhaqqı alan şəxs gəlirin ən yaxşı halda 35-45%ni kommunal xərclərə ödəyir. Təklif edirəm ki, insanların aylıq maaşlarına dəstək olaraq əlavə edilsin. Müəyyən məbləğ və ya mövsümə bağlı olaraq güzəştlər tətbiq edilsin. Təbii ki, hal-hazırda qiymətlərin aşağı salınması gözlənilmir. Sadəcə alternativ üsullarla müəyyən güzəştlər tətbiq edilə bilər”.
Qeyd edək ki, son zamanlar ölkə əhalisinə verilən təbii qazın qiymətinin endirilməsi ilə bağlı müxtəlif səviyyələrdə təkliflər səsləndirilir.
Oğuz Ayvaz