Ötən gün Səbail rayonu, 20-ci sahə dairəsində bankomatlardan nağd vəsait əldə etmək mümkün olmayıb. Sakinlər bildiriblər ki, problem bir neçə saat davam edib.
Qeyd edək ki, paytaxtın müxtəlif ərazilərində bu cür hallar tez-tez baş verir. Bəzən bankomatlarda pul olmur, bəzən isə pul olsa da, nağlaşdırmaqla bağlı problemlər yaranır.
Bankomatların fəaliyyətində belə problemlərin yaranmasının səbəbi nədir?
Hüquqşünas Əkrəm Həsənovun fikrincə, hər bankın bununla bağlı öz planı var:
“Banklar həftədə neçə dəfə hansı bankomata pul qoyulacağını planlayır. Bu plan da əvvəlki dövrlərin statistikasına əsasən, həyata keçirilir. Yəni həmin statistikaya görə, onlar həftə ərzində istifadə olunacaq vəsaiti, eyni zamanda pulun neçə dəfə qoyulacağını müəyyənləşdirirlər.
Görünür, hansısa bankların müştəriləri həmin ərəfədə xeyli nəğd pulu çıxarıblar. Çünki hər ərazidə bankların bir, yaxud iki bankomatı ola bilər. Əgər həmin ərazidəki bütün bankomatlarda pul yoxdursa, bu o deməkdir ki, eyni vaxtda bir neçə bankda bu baş verir”.
Ekspert deyir ki, bu, banklarda pulun olmadığı mənasına gəlmir:
“Məncə, bunun hansısa qlobal səbəbi yoxdur. Sadəcə, banklar bankomatlara pulu qoymağı çatdırmayıblar. Yaxud da kiməsə çox nağd pul lazım olub. O da pulu çəkdiyi üçün belə vəziyyət yaradıb. Amma yenə də deyirəm- bu, hansısa qlobal problemdən qaynaqlanmır. O demək deyil ki, ölkədə pul yoxdur, nağd pul qıtlığı yaranıb. Belə situasiyada vətəndaş öz bankına gedib ordan da pul çıxara bilər”.