Azərbaycanın Avropanın bərpaolunan enerji bazarında dayanıqlı mövqe qazanması imkanları və bu sahədəki iqtisadi dividendlər müzakirə olunub.
Azərbaycanın Avropa bazarında yer tutması üçün bir sıra mühüm iqtisadi və logistik üstünlükləri var.
İqtisadçı Asif İbrahimov bu barədə EDnews-a danışıb. 
O rəsmi layihələri xatırladaraq qeyd edib ki, ölkənin əlverişli coğrafi mövqeyi bu prosesdə əsas hərəkətverici qüvvədir:
"Azərbaycan Avropa ilə Asiya arasında enerji və nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Bu amil yaşıl enerjinin və gələcəkdə yaşıl hidrogenin Avropa bazarlarına çatdırılması üçün logistika baxımından müəyyən üstünlüklər yaradır. Xüsusilə Qara dənizin dibi ilə planlaşdırılan enerji kabeli layihəsi Azərbaycanın elektrik enerjisini birbaşa Avropa bazarına çıxarmaq imkanlarını genişləndirə bilər”.
İqtisadçı vurğulayıb ki, ikinci mühüm üstünlük bərpaolunan enerji resurslarının zənginliyi və bunun istehsalın maya dəyərinə müsbət təsiridir.
"Xəzər dənizinin Azərbaycan sektorunda xüsusilə külək enerjisi üzrə böyük potensial mövcuddur. Küləyin sürəti və davamlılığı enerji istehsalının maya dəyərinin aşağı düşməsinə və investisiyaların səmərəliliyinin yüksəlməsinə şərait yarada bilər. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları günəş enerjisi istehsalı üçün əlverişli ərazilər hesab olunur. Ölkə uzun illərdir beynəlxalq enerji layihələrinin iştirakçısı kimi formalaşmış təcrübəyə, ötürücü şəbəkələrə və enerji ixracı sahəsində institusional imkanlara malikdir. Bu, investorların risk qiymətləndirməsində müsbət amil kimi çıxış edir,"- deyə o bildirib.
Asif İbrahimovun fikrincə, Avropa bazarında uğur qazanmaq üçün resurs potensialı ilə yanaşı müasir ekoloji tələblərə cavab vermək də əsas şərtdir:
“Avropa istehlakçıları üçün artıq yalnız enerjinin qiyməti deyil, onun hansı ekoloji standartlarla istehsal olunması da önəmli meyarlardan biridir. Hesab edirəm ki, Azərbaycanın əsas üstünlüyü aşağı maya dəyərli bərpaolunan enerji istehsalını strateji coğrafi mövqe və mövcud enerji infrastrukturunun imkanları ilə birləşdirməsindədir. Əgər planlaşdırılan ixrac marşrutları tam reallaşarsa və investisiya mühiti daha da təkmilləşdirilərsə, Azərbaycan Avropanın enerji keçidində mühüm tərəfdaşlardan birinə çevrilə bilər”.
Qeyd edək ki, Azərbaycan 2030-cu ilə qədər daxili elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı və "Yaşıl Enerji Dəhlizləri" vasitəsilə Avropa İttifaqı bazarlarına irihəcmli ekoloji təmiz enerji ixrac etməyi hədəfləyir.
Amin Həsənli | EDnews



.jpg)


.jpeg)
