Su orqanizm üçün həyati əhəmiyyət daşısa da, onun həddindən artıq qəbulu ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
EDnews məlumat verir ki, mütəxəssislərin sözlərinə görə, qısa müddətdə normadan artıq su içilməsi qanda natrium səviyyəsinin həddindən artıq azalmasına (hiponatremiya) gətirib çıxara bilər.
Bu vəziyyət nəticəsində ürəkbulanma, baş ağrısı, qusma, halsızlıq, huşun itməsi, qıcolma və ağır hallarda beyin ödemi yarana bilər.
Həkimlər bildirirlər ki, gündəlik suya olan ehtiyac yaşa, çəkiyə, fiziki aktivliyə və hava şəraitinə görə dəyişir. Buna görə də hər kəs üçün eyni miqdarda su qəbul etmək düzgün hesab edilmir.
Mütəxəssislər susuzluğu gözləmədən müntəzəm su içməyi tövsiyə etsələr də, həddindən artıq maye qəbulundan çəkinməyin vacibliyini vurğulayırlar. Xüsusilə böyrək, ürək və qaraciyər xəstəlikləri olan şəxslər su qəbulunu həkim məsləhəti ilə tənzimləməlidirlər.







