Mütəxəssislər xəbərdarlıq edirlər ki, günəş kremindən yalnız yay aylarında və ya çimərlikdə istifadə etmək kifayət deyil.
Dərinin zərərli ultrabənövşəyi (UV) şüalardan qorunması üçün günəş kremi hər gün düzgün qaydada tətbiq olunmalıdır.
EDnews xəbər verir ki, həkimlərin sözlərinə görə, bir çox insan günəş kremini az miqdarda istifadə edir, gün ərzində yeniləmir və ya yalnız açıq havada olarkən tətbiq edir.
Hərçənd ki UV şüaları buludlu havalarda və qapalı məkanlarda pəncərədən keçərək dəriyə təsir göstərə bilər.
Mütəxəssislər bildirirlər ki, günəş kremi çölə çıxmazdan təxminən 20-30 dəqiqə əvvəl çəkilməli, uzun müddət açıq havada qaldıqda, tərlədikdə və ya suya girdikdən sonra yenidən tətbiq olunmalıdır. Əks halda, məhsulun qoruyucu təsiri əhəmiyyətli dərəcədə azalır.
Həkimlər vurğulayıblar ki, günəşdən qoruyucu vasitələrdən düzgün istifadə dəri yanıqları, erkən qocalma əlamətləri və dəri xərçəngi riskinin azaldılması baxımından böyük əhəmiyyət daşıyır.







