Urmiya gölü Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Türkiyə ilə sərhədə yaxın ərazidə yerləşən qapalı, duzlu göldür. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yerdədir. Hədsiz duzlu olması səbəbindən qışın ən sərt vaxtlarında belə gölün suyu donmur. Hətta mütəxəssislərin məlumatına görə, gölün suyunun duzluluğu okean sularının duzluluğundan iki dəfə artıqdır. Vaxtilə gölün suyu və palçığı müalicəvi xarakter daşıyıb. Əsasən palçığı əsəb, traxoma, müxtəlif dəri və qadın xəstəliklərinin müalicəsində mühüm əhəmiyyət kəsb edib. Bənzərsiz, əsrarəngiz gözəlliyi ilə seçilən göl həm də köçəri quşların əsas düşərgə mərkəzi olub. Quşların köç mövsümündə buraların başqa bir gözəlliyi varmış. Göl müxtəlif quş növlərinin, flaminqo, qutan, leyləklərin məskəni olub.
Göl öz adını onun yaxınlığında yerləşən Urmiya şəhərinin adından götürmüşdür. Cənubi Azərbaycan əhalisi arasında daha çox Urmu gölü olaraq tanınır. Ən qədim vaxtlardan indiyə qədər Urmiya gölünə müxtəlif adlar verilib: "Çiçe" (fransız səyyah Şarden), "Təla", "Şahi gölü" və s. Ərəblərin istilasından sonrakı orta əsr mənbələrində çox vaxt göl Urmiya şəhərinin adı ilə "Urmiya gölü kimi adlandırılır. Pəhləvi sülaləsinin dönəmində gölün adı Rza şahın şərəfinə (1925) Rzaiyyə gölü adlandırılırdı. 1946-cı ildə Azərbaycan Milli Hökuməti yenidən Urmu adını bərpa etsə də Məhəmmərza Pəhləvinin hakimiyyət illərində gölün adı yenidən dəyişdirilir.
Tarixi...
Göl haqqında ilk məlumatlar b.e.ə 9-cu əsrdə Assuriya mənbələrində qeyd edilir. Xüsusi ilə III Salmanasar göl ətrafı ərazilərə yürüşü daha ətraflı şəkildə təsvir edilib. Gölün Mesopotamiyaya yaxınlığı səbəbindən ilkin sivilizasiya məskənlərindən biri olub. Bölgədə yaranan ilk dövlət qurumu Aratta idi. Daha sonradan Lulubi və Kuti kimi şəhər dövlətləri meydana gəlib. Urmiya gölü ətrafında antik dövrdə yaranan ilk dövlət isə Manna olub.
Gölün cənubunda yerləşən Həsənli qəsəbəsi burada mövcud olması zəngin Manna mədəniyyəti haqda fikir söyləməyə imkan verir. Urmiya gölünün qərb sahilləri boyunca b.e.ə VII əsrdə (b.e.ə 680[4]) Şərqi Avropadan Kimmerlər, Skiflər və Saklar gələrək məskən salıb. Bu dönəmdə onlar Sak çarlığını qura biliblər. Sonrakı dönəmlərdə göl kənarında Midiya dövləti qurulub, Səfəvi-Osmanlı müharibəsi dönəmində göl yaxınlığında, 1604-cü ildə tarixi Urmiya döyüşü baş verib.
Coğrafiyası...
Urmu gölü Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir. Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir. Səthinin sahəsi 5,822 km²-dir. Gölün uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilmoterdir. Ən dərin nöqtəsi 16 m, orta dərinlik isə 5 m təşkil edir. Göldə 100-dən çox ada vardır. Şahı və Qoyundağ adaları, Püstə meşələri mövcuddur. Gölün su toplayıcı sahəsi 50 min km³-dir. Sahəsi əsasən gölə daxil olan sudan asılıdır. İl ərzində gölə daxil olan suyun miqdarı 5 min km³-dir. Üstəlik gölə daxil olan suyun 80% qış və yaz aylarına təsadüf edir. Ən iri qollarından biri olan Acıçay gölə şimal-şərq istiqamətdən tökülür. Axarsız göldür. Axarı olmadığınından suyu kəskin şordur. Yaz ayları suyunun duzluğu 80-150 ‰, payızda isə 260-280 ‰ qədər qalxır. Suyunun tərkibi xlor, natrium və sulfatlarla zəngindir. Naviqasiya üçün yararlıdır. Göldə suyun səviyyəsinin enməsi səbəbindən maksimal dərinlik hazırda 3 metr civarındadır. Üstəlik gölün dib sturukturundada dəyişiklik müşahidə edilir.
İran hakimiyyəti illərdir ki, Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək farsdilli sayılan əyalətlərin abadlaşmasına və inkişafına xərcləyir. İran hakimiyyətinin yürütdüyü plansız və Güney Azərbaycanın təbiətinə laqeyd münasibətin nəticəsində Urmiya gölü də quruyur. Qurumazdan əvvəl Urmiya gölünün uzunluğu 140 km, eni 55 km, ümumi sahəsi 5822 kvadratkilometr, ən dərin yeri isə 16 metr olub. Gölə ümumilikdə 13 iri və çoxlu sayda kiçik çay tökülürdü. Bu su hövzəsi çox zəngin flora və faunası ilə tanınırdı. Nadir heyvanlar və bitkilər var idi. Urmiya gölünün sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələrini, Güney Azərbaycanın torpaqlarının beşdə birini əhatə edirdi.
Azərbaycanlıların yaşadıqları ərazilər...
Bu gün geosiyasi maraqlarına görə, molla rejimi gölü qəsdən qurutduqları barədə iddialar dolaşır. Məhz azərbaycanlıların kampakt yaşadıqları ərazilərin dağıdılması, əhalinin müxtəlif ərazilərə köç etməsi üçün bu məkrli plan həyata keçirilir.
Urmiya gölünün get-gedə quruması, dövlətin bu işlərə cavabdeh qurumlarının buna biganəliyi və digər tərəfdən gölə axan çaylar üzərində su anbarlarının salınmasının davam etdirilməsi də buna bir sübutdur. Urmu gölünün qurudulmasının planlı şəkildə olması 2010-cu ildən ardıcıl və kütləvi etirazlara səbəb olub.
Hazırda da Güney Azərbaycanın nadir təbiət incilərindən olan Urmiya gölü çevrəsində ekoloji fəlakət hökm sürür. Göl sürətlə quruyur. Yerli çevrə və milli fəallarının çoxsaylı etiraz aksiyalarına məhəl qoymayan İran hakimiyyəti gölün canlandırılması ilə bağlı heç bir tədbir görmək istəmir.
Oğuz