Qəzza zolağında davam edən müharibəyə son qoymaq məqsədilə təqdim olunan yeni atəşkəs planı HƏMAS tərəfindən rədd edilib.
EDnews BBC-yə istinadən xəbər verir ki, Fələstin silahlı qruplaşmasının yüksək rütbəli rəsmisi ABŞ-ın vasitəçiliyi ilə təklif edilən yeni planın onların əsas tələblərini qarşılamadığını bildirib.
Ağ Evin məlumatına görə, cümə axşamı İsrail tərəfi ABŞ nümayəndəsi Steve Witkoff tərəfindən irəli sürülən planı qəbul edib. Plan çərçivəsində HƏMAS-dan rəsmi cavab gözlənildiyi bildirilib.
İsrail mediasının yaydığı məlumata əsasən, razılaşma iki mərhələdə həyata keçirilməli idi:
Birinci mərhələdə: 10 nəfər sağ girovun,
İkinci mərhələdə: 18 nəfərin meyitinin təhvil verilməsi,
Əvəzində isə 60 günlük atəşkəs və İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların azad olunması nəzərdə tutulurdu.
Lakin HƏMAS rəsmisi bildirib ki, bu təklif daimi atəşkəs və İsrailin Qəzzadan tam çıxarılması kimi əsas tələbləri əhatə etmir və qruplaşma təklifə rəsmi cavabı "lazımi vaxtda" verəcək.
İsrail hökuməti məsələ ilə bağlı geniş açıqlama verməyib. Bununla belə, baş nazir Benyamin Netanyahu cümə axşamı girov ailələri ilə görüşündə planı qəbul etdiklərini təsdiqləyib.
Qeyd edək ki, bölgədə gərginliyin davam etməsi beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir. BMT və bir çox Qərb ölkəsi tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə çağırır.
Fatıma Şükürova // EDnews