İranın cənub bölgəsində bu gün güclü zəlzələ qeydə alınıb. Yerli vaxtla baş verən təbii fəlakət sakinlər arasında ciddi narahatlığa səbəb olub.
EDnews xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) yaydığı məlumata görə, zəlzələnin maqnitudası 5,2 bal təşkil edib. Yeraltı təkanların episentri Safedkuh şəhərindən 124 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ 10 kilometr dərinlikdə baş verib.
Hələlik dağıntılar və xəsarət alanlarla bağlı rəsmi məlumat verilməyib. Yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxladıqlarını, zərərçəkənlər barədə araşdırmaların davam etdiyini bildiriblər.
Qeyd edək ki, İran seysmik cəhətdən aktiv zonada yerləşdiyindən bu kimi zəlzələlər ölkədə tez-tez baş verir. Əvvəlki illərdə baş verən oxşar təkanlar ciddi dağıntılara və insan tələfatına səbəb olmuşdu.
Yeni təfərrüatlar məlum olduqca xəbər yenilənəcək.
Fatima Şükürova // EDnews