ABŞ-dan Azərbaycana qarşı növbəti təxribat xarakterli addım atılıb.
Rusiya sülməramlıların müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisində qondarma rejimin xarici işlər naziri David Babayana Amerikaya səfər etmək üçün viza verilib.
Erməni diasporasından verilən məlumata görə, David Babayan ABŞ Konqresinin erməni məsələləri üzrə Komissiyası ilə əməkdaşlıq çərçivəsində keçirələcək konfransda məruzəçi olacaq.
Qeyd edək ki, ABŞ Azərbaycan ərazi bütövlüyünü tanısa da, mütəmadi bu cür hərəkət edir. Məsələn, bu yaxınlarda Şuşaya səfər etməyən ABŞ səfiri də bunun bariz nümunəsidir.
Politoloq, diplomat Fikrət Sadıqov Ednews-a açıqlamasında qeyd edib ki, bu kimi hallar dəfələrlə müşahidə olunub və ABŞ Konqresində bəzi ermənipərəst qüvvələr müxtəlif təxribatlarla Azərbaycana müəyyən bir zərbə endirməyə çalışırlar.
“Bu kimi zərbələrin arxasında duran əsas məqamlardan biri Azərbaycanın Minsk Qrupundan imtina etməsi, ABŞ tərəfindən təyin olunan həmsədrin orada olmasına etiraz etməsidir. Biz Qarabağ məsələsində faktiki olaraq ABŞ ilə məsləhətləşmələr aparmırıq. Həmçinin biz başa düşürük ki, Qafqaz regionunda əsas oyunçular Rusiya və Türkiyədir. Təbii ki, bu da ABŞ-ı qıcıqlandırır.
Lakin bununla bərabər, biz başa düşməliyik ki, qondarma rejimin rəsmisini qəbul eləyən ABŞ-ın dövlət rəsmiləri deyil, məhz ABŞ-ın üç-dörd konqresmenidir. Onlar Babayanı hansısa bir otaqda qəbul eləyib onun xahişlərini dinləyəcəklər. Nəticədə hər şey bununla tamamlanacaq. Hesab etmirəm ki, Babayan Konqresdə geniş mühazirə ilə çıxış eləsin”.
Fikrət Sadıqov, həmçinin bildirib ki, Azərbaycanın siyasi, iqtisadi və hərbi cəhətdən möhkəmlənməsi Amerikada bəzi qüvvələri narahat edir. Onun sözlərinə görə, ABŞ və hər hansı bir dövlətdən müşahidə edilən təxribatlara və neqativ hallar ilə bağlı narahatlıq keçirməməliyik, əksinə növbəti məqsədlərə nail olmaq üçün hücumedici addımlar atmalıyıq.
“ABŞ-da bir çoxları hesab edir ki, guya Qarabağ məsələsi həll olunmayıb, guya ermənilərin orada hüquqları qorunmalıdır və erməni amili üstün olmalıdır, bu kimi ifadələrə dəfələrlə şahidi olmuşuq. Təəccüblüdür ki, ermənilərin basdırdığı minaların partlaması nəticəsində ölən Azərbaycan əsgərləri və vətəndaşları, habelə Ermənistanın ölkəmizin torpaqlarını 30 il işğal altında saxlaması konqresmenləri maraqlandırmır, amma hansısa yerə-göyə sığmayan Qarabağın erməni dığasını qəbul edir, ona normal insan kimi yanaşır. Bu isə artıq ABŞ-ın regionda proseslərə sivil yanaşmasını şübhə altına qoyur. Onlar çox yaxşı başa düşürlər ki, Babayan ya Ermənistanın, ya da Ruisyanın pasportu ilə ABŞ-a gəlir”.
Yunis Abdullayev