Prezident İlham Əliyev “Rayon şəhər məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edib.
EDnews xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanda 3 dövlət qurumuna elektron siqaretlərlə bağlı protokol tərtib etmək səlahiyyəti verilib.
Belə ki, elektron siqaretlərin və ya onların komponentlərinin idxalı və ixracı ilə bağlı Dövlət Gömrük Komitəsi protokol tərtib edə biləcək.
Elektron siqaretlərin və ya onların komponentlərinin istehsalı, topdan və ya pərakəndə satışı, eləcə də satış məqsədilə saxlanılması halları ilə bağlı isə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi səlahiyyətli olacaq.
Bu cür hallar vergi nəzarəti zamanı aşkar edildiyi halda isə protokol tərtib etmək səlahiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə veriləcək.
Qeyd edək ki, dəyişiklik elektron siqaretlərin dövriyyəsinə nəzarətin gücləndirilməsi məqsədi daşıyır.







