Azərbaycan Respublikasının Keniya Respublikasındakı səfiri Sultan Hacıyev Keniya Respublikasının energetika və neft naziri Ceyms Opiyo Uandayi ilə görüşüb.
EDnews xəbər verir ki, bu barədə Azərbaycanın Keniyadakı səfirliyi məlumat yayıb.
Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub. Tərəflər Keniya-Azərbaycan əməkdaşlığının prioritet istiqamətlərindən olan energetika və neft-qaz sahəsində qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Keniya Respublikasının energetika və neft naziri Ceyms Opiyo Uandayi bildirib ki, Keniya Prezidenti Uilyam Samoei Rutonun WUF13-də iştirak etmək üçün Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən ikitərəfli görüşdə enerji sahəsində əməkdaşlığa xüsusi diqqət ayrılıb.
Nazir qeyd edib ki, enerji resurslarının kəşfi və istismarı sahəsində Azərbaycanın əsrlər boyu topladığı zəngin təcrübənin Keniya ilə bölüşülməsi ölkənin enerji mənbələrindən səmərəli istifadəsinə, kadrların peşə hazırlığına və xarici investisiya imkanlarının artırılmasına mühüm töhfə verə bilər.
Səfir Sultan Hacıyev isə mövcud əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan maksimum yararlanmağın vacibliyini vurğulayıb.
O bildirib ki, ötən il imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Keniya Respublikasının Enerji və Neft Nazirliyi arasında enerji sektorunda əməkdaşlıq haqqında Anlaşma Memorandumu” çərçivəsində aparılan danışıqlar bu sahədə işbirliyinin intensivləşməsinə müsbət təsir göstərir.
Səfir həmçinin qeyd edib ki, Keniya Prezidenti Bakıya səfəri zamanı SOCAR prezidenti Rövşən Nəcəf ilə də görüşüb.
Görüşün sonunda iki ölkənin aidiyyəti qurumları arasında təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.









