Rusiya Cənubi Qafqazda artan xarici təsirdən narahatlığını ifadə edib. Rusiyanın yeni müdafiə naziri Andrey Belousov bu barədə Bişkekdə keçirilən KTMT Müdafiə Nazirləri Şurasının iclasında danışıb.
EDnews "Report"un Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Belousov qeyri-regional qüvvələrin – yəni bölgəyə bilavasitə aid olmayan dövlət və hərbi-siyasi ittifaqların – Cənubi Qafqazda fəaliyyətini xeyli gücləndirdiyini vurğulayıb.
“Bu fəallıq bölgənin təhlükəsizliyinə xidmət etmir. Əksinə, onların əsas məqsədi regionda təsir imkanlarını artırmaqdır” – deyə Rusiya müdafiə naziri bildirib.
Nazir həmçinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasının vacibliyini vurğulayıb və Moskvanın bu istiqamətdə vasitəçilik və dəstək göstərməyə sadiq olduğunu qeyd edib.
“Biz Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması üçün göstərilən səyləri dəstəkləyirik. Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh əldə olunması Rusiyanın əsas prioritetlərindən biridir” – deyə Belousov əlavə edib.
Bu açıqlama, Qərbin və digər beynəlxalq aktorların regionda fəallığının artdığı bir dövrdə Rusiyanın KTMT vasitəsilə mövqeyini gücləndirmək cəhdinin göstəricisi kimi dəyərləndirilir.
Fatima Şükürova // EDnews