Ukrayna Müdafiə Nazirliyi Türkiyəyə rəsmi müraciət edərək Kiyevin hava hücumundan müdafiə (HHM) sistemləri ilə təmin olunmasını və Ukraynanın müdafiə-sənaye kompleksinə sərmayə qoyulmasını xahiş edib.
Ukraynanın müdafiə naziri Rustem Umerov bu barədə şəxsi "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, bu məsələlər Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirilən görüş zamanı müzakirə olunub. Görüşdə Ukraynanın hərbi ehtiyacları və gələcək əməkdaşlıq perspektivləri əsas diqqət mərkəzində olub.
Nazir qeyd edib ki, görüşdə Ukrayna Müdafiə Nazirliyinin birinci müavini Sergey Boyev də iştirak edib və ölkənin dəstəyə ehtiyac duyduğu əsas istiqamətləri təqdim edib. Bu istiqamətlərə HHM sistemləri, hava hücumundan müdafiə üçün sursatlar, əsas kalibrli mərmilər, texnika ilə təminat, uzaqmənzilli zərbə imkanlarının gücləndirilməsi və xüsusilə də müdafiə-sənaye kompleksinə investisiyalar daxildir.
Ukrayna tərəfi Türkiyəni strateji tərəfdaş kimi görür və bu əməkdaşlığın həm hərbi, həm də texnoloji sahələrdə inkişaf edəcəyinə ümid bəsləyir.
Fatimə Şükürova // EDnews