"İnsanlar artıq anlamalıdırlar ki, yas mərasimlərinə yemək üçün deyil, kiminsə kədərinə şərik olmaq məqsədilə gedirlər".
Millət vəkili Fazil Mustafa bunu EDnews-a açıqlamasında qeyd edib.
O hesab edir ki, yas məclislərində süfrə açmaq mərhumun yaxınları üçün də böyük əziyyət və əlavə maddi yük yaradır:
"Biz uzun illərdir Azərbaycan cəmiyyətinə bu yanaşmanın dəyişdirilməsinin vacibliyini təlqin edirik. İmkan olan yerlərdə icma şəklində insanlar bir araya gəlib bu adəti aradan qaldırmalıdırlar. Əks halda, hər kəs özündən yeni bir dini ənənə yaradarsa və dinin mahiyyətinə uyğun olmayan davranışlar nümayiş etdirərsə, nəticədə özünü çətinliyə salmış olar. İslam dinində yas mərasimində yemək vermək kimi bir adət yoxdur".
Deputatın fikrincə, insanlar mərhumun yaxınlarının kədərinə sakit və təmkinli şəkildə şərik olmalı, onları əlavə xərcə salmamalıdırlar:
"Yas sahibi nə üçün əlavə pul xərcləyərək özünü bu qədər çətin vəziyyətə salmalıdır?! Əgər artıq vəsaiti varsa, həmin pulu mərhumun ailəsinə, ondan sonra qalan insanlara dəstək üçün xərcləsin ki, onlar həyatlarını davam etdirə və ayaqda qala bilsinlər. Kimsənin bir günlük gəlib yemək yeyərək getməsi yas sahibinə böyük maddi sıxıntı yaradırsa, bunun məntiqli izahını tapmaq həqiqətən çətindir. Cəmiyyət artıq bu yanaşmaya alışmalıdır".
Aytac Kərimova | EDnews





