"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri ikitərəfli münasibətlərdə yaranmış mürəkkəb mərhələdə diplomatik kanalların qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bakı ilə Moskva arasında fikir ayrılıqlarının mövcud olması dialoqun dayanması anlamına gəlməməlidir, əksinə, belə dövrlərdə birbaşa təmaslar daha da vacib xarakter alır".
Politoloq Tural İsmayılov bu səfərin əhəmiyyətini EDnews-a şərh edərək bildirib.
Ekspertin sözlərinə görə, qarşıdakı görüş tərəflərə son aylarda ikitərəfli gündəlikdə yaranmış həssas məsələləri açıq şəkildə müzakirə etməyə və milli maraqları birbaşa dialoq vasitəsilə qorumağa imkan verəcək.

T.İsmayılov qeyd edib ki, Moskvadakı danışıqlar bir çox strateji istiqaməti əhatə edəcək:
"Tərəflər siyasi dialoqun gələcək perspektivlərini, iqtisadi və ticarət əlaqələrini, müştərək enerji və nəqliyyat-logistika layihələrini, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafını geniş şəkildə nəzərdən keçirəcəklər. Bununla yanaşı, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq, Azərbaycan-Ermənistan normallaşma prosesi, regional kommunikasiyaların açılması və beynəlxalq təhlükəsizlik gündəliyi də danışıqların əsas mövzuları sırasında olacaq".
Politoloqun fikrincə, Azərbaycan bu gün Cənubi Qafqazın əsas siyasi və iqtisadi aktorlarından biri kimi çıxış edir. Balanslaşdırılmış xarici siyasət yürüdən Bakı regionda yeni qarşıdurma risklərinin azaldılmasında və inteqrasiya proseslərinin sürətləndirilməsində birbaşa maraqlıdır ki, buna da Rusiya ilə konstruktiv əməkdaşlıq mühüm töhfə verə bilər.
Sonda Tural İsmayılov vurğulayıb ki, Azərbaycan xarici işlər nazirinin Rusiyaya səfərini adi protokol təmasından daha çox, strateji addım kimi qiymətləndirmək lazımdır. Bu görüşün nəticələri həm ikitərəfli əlaqələrin gələcək dinamikasını müəyyən edəcək, həm də Qafqaz regionunun ümumi təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərəcək.
Qeyd edək ki, iyulun 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb.






.jpeg)
