Yay mövsümünün meyvə və tərəvəz bolluğu ilə yadda qalmasına baxmayaraq, Azərbaycanda qiymətlər hələ də yüksək olaraq qalır.
Bəs bazarda ucuzlaşmanın baş verməməsinin əsas səbəbləri nələrdir?
İqtisadçı ekspert Akif Nəsirli EDnews-a açıqlamasında bildirib ki, Azərbaycanda yay mövsümündə meyvə və tərəvəzin ucuzlaşmamasının bir neçə əsas səbəbi var.
Onun sözlərinə görə, ilk növbədə bu il müşahidə olunan əlverişsiz hava şəraiti məhsuldarlığa ciddi mənfi təsir göstərib. Yaz aylarında yağan intensiv yağışlar, dolu və güclü küləklər bir çox bölgədə məhsulun azalmasına səbəb olub. Hətta bəzi ərazilərdə meyvə ağaclarında demək olar ki, məhsul yetişməyib.
Akif Nəsirli qeyd edib ki, məhsuldarlığın aşağı olması bazarda təklifin azalmasına gətirib çıxarır. Təklif azaldıqca isə qiymətlər yüksəlir.
Mütəxəssis bildirib ki, qiymət artımına təsir edən digər mühüm amil fermerlərin məhsullarını birbaşa bazara çıxarmaqda çətinlik çəkməsidir. Onun sözlərinə görə, məhsullar əsasən vasitəçilər tərəfindən alınaraq iri şəhərlərə gətirilir və satış prosesində bir neçə dəfə əl dəyişir. Hər vasitəçi məhsulun üzərinə əlavə qazanc qoyduğu üçün son qiymət daha da bahalaşır.
Akif Nəsirli əlavə edib ki, son illərdə əməkhaqqının, logistika xərclərinin və yanacağın bahalaşması da məhsulun maya dəyərinə birbaşa təsir göstərir. Bu xərclər satış qiymətinə əlavə olunduğundan bazarda ucuzlaşma müşahidə edilmir.
Mütəxəssisin sözlərinə görə, ölkədə mövcud inflyasiya da meyvə və tərəvəzin qiymətlərinin yüksək qalmasına təsir edən əsas amillərdən biridir.
“Bu amillərin hamısını nəzərə aldıqda görürük ki, ötən illə müqayisədə bu il meyvə və tərəvəzin qiymətləri daha yüksəkdir”, – deyə Akif Nəsirli vurğulayıb.





