Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin ( ANAMA) yaradılmasının 28-ci ildönümü münasibətilə Bakıda brifinq keçirilib.
EDnews xəbər verir ki, brifinqdə Agentliyin İdarə Heyəti sədri Vüqar Süleymanov jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, 1998-ci il iyulun 18-də əsası qoyulan ANAMA ötən 28 il ərzində ölkədə humanitar minatəmizləmə sisteminin formalaşdırılması, mina təhlükəsinin aradan qaldırılması, partlayıcı sursatların zərərsizləşdirilməsi, mina təhlükəsinə dair maarifləndirmə, minadan zərərçəkənlərə dəstək və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərib:
"Agentliyin əsas missiyası işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda mina və digər partlayıcı sursatlardan təmizləmə işlərini həyata keçirməklə Böyük Qayıdış prosesinə töhfə verməkdir. Hazırda ANAMA müasir texnologiyalar, innovativ metodlar, mexaniki minatəmizləmə vasitələri, minaaxtaran itlər və yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə genişmiqyaslı əməliyyatlar həyata keçirir.İşğaldan azad edilmiş ərazilərdə indiyədək 287 385 hektar ərazi mina və partlayıcı sursatlardan təmizlənib. Ümumilikdə 255 200 mina və digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib. Onlardan 189 097-si digər partlayıcı sursat, 42 235-i piyada əleyhinə mina, 23 868-i isə tank əleyhinə minadır".
Sədr diqqətə çatıdırıb ki, Agentlikdə fəaliyyət göstərən minaaxtaranlar beynəlxalq standartlara uyğun təlimlər keçərək əməliyyatlara cəlb olunurlar. Kadr potensialının inkişafı məqsədilə mütəmadi olaraq ixtisasartırma kursları və EOD 3+ təlimləri təşkil edilir.
"ANAMA-nın fəaliyyəti nəticəsində hər gün yeni ərazilər mina təhlükəsindən təmizlənərək yaşayış, infrastruktur və kənd təsərrüfatı üçün təhlükəsiz istifadəyə verilir. Bu, Böyük Qayıdışın sürətlənməsinə və işğaldan azad edilmiş torpaqlarda həyatın yenidən bərpasına mühüm töhfə verir".
***
10:50
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin ( ANAMA) yaradılmasının 28-ci ildönümü münasibətilə Bakıda brifinq keçirilib.







