2021-ci ildə Vətən müharibəsindən sonra Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) hüquqi statusu müəyyən edilib.
EDnews xəbər verir ki, bu barədə ANAMA-nın yaradılmasının 28-ci ildönümü münasibətilə keçirilən brifinqdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov məlumat verib.
Onun sözlərinə görə, bundan sonra agentliyin şəxsi heyətinin sayı artırılıb, maddi-texniki baza gücləndirilib, yeni avadanlıqlar və minaaxtaran itlər xidmətə cəlb edilib.
Vüqar Süleymanov bildirib ki, son olaraq Çin tərəfindən ANAMA-ya iki ədəd rentgen cihazı ianə edilib. O qeyd edib ki, bu avadanlıqlar qapalı məkanlarda, o cümlədən dolabların və digər bağlı sahələrin içərisini açmadan görüntüləməyə imkan verir.
"Bu texnologiyadan indiyədək istifadə etməmişik. Cihazlar evlərin və digər qapalı məkanların minadan təmizlənməsi zamanı işimizi xeyli asanlaşdıracaq. Əvvəllər qapılara quraşdırılmış tələ minalarını aşkar etmək olduqca çətin idi", – deyə ANAMA sədri vurğulayıb.







