Rusiya və Ukrayna arasında davam edən münaqişə fonunda diplomatik cəhdlər yenidən aktuallaşır.
EDnews Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə birbaşa danışıqların növbəti mərhələsinin tarixinin tezliklə açıqlanacağını bildirib.
“Biz çox yaxın vaxtlarda birbaşa danışıqların növbəti mərhələsini elan edəcəyik”, – deyə Lavrov bildirib.
Xatırladaq ki, Rusiya və Ukrayna arasında danışıqların birinci raundu mayın 16-da İstanbulda keçirilib. Bu görüşdə tərəflər münaqişənin həlli yollarını müzakirə etsə də, əhəmiyyətli razılaşmalar əldə olunmamışdı.
Lavrovun açıqlaması danışıqlar prosesinin tamamilə dayanmadığını və diplomatik kanalın hələ də açıq saxlandığını göstərir. Yeni raundun harada və hansı formatda keçiriləcəyi barədə isə hələlik rəsmi məlumat verilməyib.
Müşahidəçilər bu cəhdin Ukrayna müharibəsinin siyasi həllinə yönəlik yeni impuls ola biləcəyini bildirirlər. Lakin danışıqların nəticə verməsi üçün qarşılıqlı etimad və kompromisə hazır mövqe zəruri olacaq.
Fatima Şükürova // EDnews