İyunun 2-də İstanbulda keçirilməsi planlaşdırılan Rusiya və Ukrayna arasında sülh danışıqlarının ikinci raundunda ABŞ-ın iştirak etməyəcəyi bildirilib.
EDnews xəbər verir ki, ABŞ bu görüşə nümayəndə heyəti göndərməyi planlaşdırmır. Bildirilir ki, Vaşinqton mövcud mərhələdə danışıqlarda aktiv rol almaq niyyətində deyil və danışıqlardan əvvəlki gedişatı izləməyi üstün tutur.
Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp Moskva və Kiyev arasında birbaşa təmasların bərpası fonunda bu raunddan irəliləyiş gözləyir. Məlumata əsasən, Tramp müşavirləri ilə Rusiyaya qarşı yeni sanksiyalar tətbiqini də müzakirə edib. Lakin Ağ Ev belə bir qərarın qlobal enerji bazarına, xüsusilə də qazın qiymətinə təsirindən ehtiyatlanır.
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brüs mayın 29-da keçirdiyi brifinqdə jurnalistlərin ABŞ nümayəndələrinin danışıqlarda iştirakı ilə bağlı suallarına konkret cavab verməyib.
Qeyd edək ki, İstanbul danışıqları beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və onların Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həllinə töhfə verəcəyi gözlənilir.
Fatimə Şükürova // EDnews